Məhkəmə qərarları › İş №e-2(033)-936/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-936/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-936/2024 21.11.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı LPO "xxxx" ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.483,35 (min dörd yüz səksən üç manat 35 qəpik) manat borc olmaqla – bundan 1.295,03 (min iki yüz doxsan beş manat 03 qəpik) manat əsas və 188,32 (yüz səksən səkkiz manat 32 qəpik) manat faiz borcun, iş üzrə ödənilmiş 34,84 (otuz dörd manat 84 qəpik) manat dövlət rüsumunun cavabdeh X1 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Qazıxanov Abdurahman Nəcməddin oğlu arasında bağlanmış 28 iyul 2016-cı il tarixli 51-xx-xx-055533 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 2.412 (iki min dörd yüz on iki manat) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. AZ-İİ№028507 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən cavabdeh Qazıxanov Abdurahman Nəcməddin oğlu 05 oktyabr 2019-cu ildə vəfat etmiş, xx.xx.2020-ci il tarixli 404/2020 nömrəli X4 X2 əsasən Cavabdeh Həbibulla qızı miras əmlakdan tam hissədə pay almışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********517 saylı 27 iyun 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 25 iyun 2024-cü il tarixə Qazıxanov Abdurahman Nəcməddin oğlunun kredit üzrə cəmi borcu 1.483,32 (min dörd yüz səksən üç manat 82 qəpik) manat təşkil edir. Bundan 1295,03 (min iki yüz doxsan beş manat 03 qəpik) manat əsas və 188,32 (yüz səksən səkkiz manat 32 qəpik) manat faiz borcu təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iştirakçılarının izahatları İddiaçı LPO "xxxx" ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə göndərək, iddia tələbini müdafiə etdiyini, iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi sənəd təqdim etməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki iş materiallarına əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Qazıxanov Abdurahman Nəcməddin oğlu arasında bağlanmış 28 iyul 2016-cı il tarixli 51-xx-xx-055533 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Qazıxanov Abdurahman Nəcməddin oğluna 60 (altmış) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 2.412 (iki min dörd yüz on iki) manat məbləğində kredit verilmişdir. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 028507 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qazıxanov Abdurahman Nəcməddin oğlu 15 oktyabr 2019-cu ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabına 25 oktyabr 2019-cu il tarixdə 20 nömrə ilə müvafiq qeyd edilmişdir. Cavabdeh ünvanlanmış 27 iyun 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, iddiaçı Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. Zaqatala Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-791 olan 19 oktyabr 2020-ci il tarixli X4 hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 05 oktyabr 2019-cu il tarixdə ölmüş Qazıxanov Abdurahman Nəcməddin oğlunun tam pay hüquqlu vərəsəsi kimi müəyyən edilmişdir. Maliyyə arayışından görünür ki, 28 iyul 2016-cı il tarixli 51-xx-xx-055533 nömrəli kredit müqaviləsinə əsasən, Qazıxanov Abdurahman Nəcməddin oğlunun 25 iyun 2024-cü il tarixədək 1295,03 manat əsas,188,32 manat faiz olmaqla, cəmi 1483,35 manat məbləğində kredit borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, 28 iyul 2016-cı il tarixli 51-xxxx-055533 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Qazıxanov Abdurahman Nəcməddin oğluna illik 29 faiz olmaqla 60 ay müddətinə 2412 manat kredit verilmişdir. Qazıxanov Abdurahman Nəcməddin oğlu kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, 05 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh, Zaqatala Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-791 olan xx.xx.2020-ci il tarixli X4 X2 əsasən Qazıxanov Abdurahman Nəcməddin oğlundan qalmış mirası qəbul etsə də, 28 iyul 2016-cı il tarixli 51-xx-xx- 055533 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə əsas borc üzrə 1.295,03 (min iki yüz doxsan beş manat 03 qəpik) manat əsas və 188,32 (yüz səksən səkkiz manat 32 qəpik) manat faiz borcu, cəmi 1.483,35 (min dörd yüz səksən üç manat 35 qəpik) manat borcu yaranmışdır. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilmişdir. İddiaçı hazırkı iddia üzrə 34,84 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, aldığı miras aktivindəki tam payına mütənasib surətdə iddiaçının mənafelərini tam ödəməyə borclu olan cavabdehin öhdəliyini lazımınca icra etməməsi, nəticədə iddiaçıya əsas borc üzrə 1.295,03 (min iki yüz doxsan beş manat 03 qəpik) manat əsas və 188,32 (yüz səksən səkkiz manat 32 qəpik) manat faiz borcu, cəmi 1.483,35 (min dörd yüz səksən üç manat 35 qəpik) manat qaytarılmamış kredit borcunun yaranması tam təsdiq olunduğundan, həmin borc, ödənilmiş 34,84 manat dövlət rüsumu cavabdehdən iddiaçının хeyrinə tutulmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıхarılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Həbibulla qızından 1.295,03 (bir min iki yüz doxsan beş manat 03 qəpik) manat əsas və 188,32 (bir yüz səksən səkkiz manat 32 qəpik) manat faiz borcu, cəmi 1.483,35 (bir min dörd yüz səksən üç manat 35 qəpik) manat məbləğində kredit borcu və 34,84 (otuz dörd manat səksən dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar