Məhkəmə qərarları › İş №e-2(033)-962/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-962/2023

10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-962/2023 10.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2(033)-882/2022 saylı qətnaməsinə əsasən 08 iyun 2022-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin, yetkinlik yaşına çatmayan 08 iyun 2022-ci ildə doğulmuş X2 3 yaşına çatanadək onun xeyrinə cavabdehdən əlavə olaraq hər ay 100 (yüz) manat məbləğində alimentin tutulması və 50 manat ödədiyi mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə nigahını xx.xx.2021-ci il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Cavabdeh ilə xasiyyətləri uyğun gəlməməsi səbəbindən ayrılmışlar və hal-hazırda ayrı yaşayırlar. Cavabdeh azyaşlı övladının saxlanmasına heç bir köməklik göstərmədiyi üçün Zaqatala Rayon Məhkəməsinə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin e-2(033)-882/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 08 iyun 2022-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 30 avqust 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsini qət edilmişdir. Birgə nikah dövründə anadan olmuş övladı onun yanımdadır. Cavabdeh tərəfindən ödənilən aliment məbləği uşağın saxlanması üçün kifayət etmir. Eyni zamanda uşaq azyaşlı olduğu üçün heç yerdə işləyə bilmir. Əlavə gəlir yeri yoxdur. Bunun üçün hazırki ərizə ilə məhkəməyə mütaciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 08 iyun 2022-ci ildə X4 dogulmuşdur. Hazırda uşaq iddiaçının himayəsində yaşayır. Cavabdehin iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə imkanı yoxdur. Belə ki, o, "xxxx" MMC-də “biotibbi texnik” vəzifəsində işləyir və əmək haqqı 400 manat təşkil edir, əgər iddiaçının tələb etdiyi alimenti ödəyərsə dolanacağı çətin vəziyyətə düşəcəkdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 nikahlarını 12 fevral 2021-ci il tarixdə bağlanmışlar. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Balakən regional “ASAN” xidmət mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 08 iyun 2022-ci ildə doğulmuşdur. Valideynləri atası Cavabdeh qızı, anası İddiaçıdır İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2(033)-882/2022 saylı qətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 08 iyun 2022-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 30 avqust 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 09 avqust 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh etibarnamə əsasında nümayəndəsi X3 İMS-dən sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə qərar qəbul etmişdirlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən "xxxx" MMC-də “biotibbi texnik” vəzifəsində işləyir və "xxxx" MMC-nin ümumi ştat cədvəlinə uyğun olaraq əmək haqqı 400 manat məbləğ təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşağı 08 iyun 2022cı ildə doğulmuş X4 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 150 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2022-ci ildə, yəni uşaq 4 aylıq olarkən təyin edilmişdir. Hazırda isə uşaq 1 yaşdadır və ötən müddət ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən 150 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin bir uşağa 170 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bununla belə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi Cavabdeh “uşaq üç yaşına çatanadək hər ay 100 manat alimentin tutulması” hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən, ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi, qeyd olunan normanın tələbinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfdən aliment ödəməsini, yalnız həmin tərəfin aliment ödəməyə zəruri vəsaitə malik olduğu halda məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin, iddiaçı cavabdehdən 100 manat əlavə xərcin tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, sonuncunun həmin əlavə xərcləri ödəmək üçün zəruri vəsaitə malik olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 08 iyun 2022-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2(033)- 882/2022 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində, yəni 170 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 (170-150=20x12=240 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2(033)-882/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 08 iyun 2022-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 150 (bir yüz əlli) manat miqdarda alimentin məbləği artırılsın. 08 iyun 2022-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat miqdarında sabit pul məbləğində aliment və 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar