Məhkəmə qərarları › İş №e-2(033)-977/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-977/2025

11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-977/2025 11.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3433 (üç min dörd yüz otuz üç manat) manat 80 (səksən) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh Ruslan qızı iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin “NZS- 11” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya nəticələrinə dair” akta əsasən yekun ziyan məbləği 4344,57 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3433 manat 80 qəpik borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3433,80 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə xx.xx.2025-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işə götürən İddiaçı ilə işçi Cavabdeh Rəsul qızı arasında xx.xx.2022-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 1 ay müddətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixdən Cəmiyyətin satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 17-x saylı əmrdən çıxarışdan görünür ki, işəgötürən X1 Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, bildiriş xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə bağlı tərtib edilmiş və Cavabdeh əsas iş yeri üzrə İddiaçı MMC-yə satış şöbəsinə satıcı-kassir vəzifəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində “Oba-NZS 11” filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan və xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, yoxlama nəticəsində 4344.57 manat məbləğində kəsr aşkar edilmiş və maddi məsul şəxs Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş İltizamnamədən görünür ki, o, yoxlamada tam olaraq iştirak etmiş, əksik mallardan xəbərdar olmuş və sayım qrupuna etirazı olmamışdır. İddiaçı tərəfindən Cavabdeh Ruslan qızına ünvanlanmış xəbərdarlıqdan görünür ki, "Oba Market” MMC-də işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və 4344.57 manat əskik gəlmə aşkar edilmişdir. Hazırda faktiki olaraq 3433.80 manat təşkil edir və maddi ziyan məbləğini 3 gün müddətdə ödəmədiyi təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyinə dair xəbərdar edilmişdir. İddiaçı tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 3433.8 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh 28 iyun 2024-cü il tarixinə 3433.8 manat borcunun qaldığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh “Oba Market" MMC müraciəti əsasında təşkil edilən əmək mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak etməmiş, İMS üçün 50 manat və 10 manat poçt-kargüzarlıq xərci İddiaçı MMC tərəfindən birtərəfli qaydada ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsi 10-cu maddəsinin ç bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200-ci maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, müəyyən edilmiş hallar ondan ibarətdir ki, cavabdeh xx.xx.2022-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-nin Oba NZS 11 filialına “Satıcı kassir” vəzifəsinə işə qəbul olunmuşdur. Tərəflər arasında cavabdehin tam maddi məsuliyyəti haqqında müqavilə bağlanmışdır. Cavabdehin tam maddi məsuliyyət daşıdığı Oba Digah 1 filialında aparılmış inventarizasiya zamanı xx.xx.2023-cü il tarixdə 4344.57 manat dəyərində çatışmazlıq, bununla da iddiaçının əmlakından məhrum olması ilə bağlı həmin dəyərdə maddi zərərə uğraması aşkar edilmişdir. İddiaçı çatışmazlıq müəyyən edildiyi yoxlamalardan keçən dövrdə cavabdehə güzəşt edildiyi əsası ilə hazırda zərərin əvəzi üzrə 3433.8 manat pulun tutulmasını tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qarşısında tam maddi məsuliyyət daşıyan cavabdehin ona verilmiş əmlakın salamatlığını təmin etməməsi nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunduğundan, iddia təmin olunmalı, maddi zərərin əvəzi üzrə tələb olunan 3433.8 manat pul vəsaiti Cavabdeh Rəsul qızından alınaraq İddiaçı hesabına ödənilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 60 (altmış) manat və mediasiya xərci olaraq cavabdehdən onun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh Rəsul qızından 3433.8 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı hesabına ödənilsin. Cavabdeh Rəsul qızından 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar