Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-988/2025 17.12.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X5 qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 3.496,96 (üç min dörd yüz doxsan altı ABŞ dolları 96 sent) ABŞ dolları - bundan 1.187,99 (bir min bir yüz səksən yeddi ABŞ dolları 99 sent) ABŞ dolları əsas, 504,31 (beş yüz dörd ABŞ dolları 31 sent) ABŞ dolları faiz, 1.637,30 (bir min altı yüz otuz yeddi ABŞ dolları 30 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 167,36 (bir yüz altmış yeddi ABŞ dolları 36 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 79,45 (yetmiş doqquz manat 45 qəpik) Manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 31 % dərəcəsi ilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 120008089/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya zaminlər keditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01/15-ƏS nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 3.410,11 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 2 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4.165,59 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 3.496,96 (üç min dörd yüz doxsan altı ABŞ dolları 96 sent) ABŞ dolları təşkil edir. Bundan 1.187,99 (bir min bir yüz səksən yeddi ABŞ dolları 99 sent) ABŞ dolları əsas, 504,31 (beş yüz dörd ABŞ dolları 31 sent) ABŞ dolları faiz, 1.637,30 (bir min altı yüz otuz yeddi ABŞ dolları 30 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 167,36 (bir yüz altmış yeddi ABŞ dolları 36 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməməinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 çıxış edərək bildirdi ki, Cavabdeh1 İddiaçı ASC-dən kredit götürmüş və xərcləmişdir. O sadəcə ona zamin durmuşdur. Onun kredit borcunu ödəmək fikri yoxdur. Kredit borcu əsas hissəsi qəbul olunandır lakin cərimə və faiz yox. İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsindən görünür ki, bank Cavabdeh1 şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 3.800 ABŞ dolları məbləğində krediti verməyi, Cavabdeh1, isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən 3800 ABŞ dolları kredit Cavabdeh1 verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 120008089/ZM nömrəli xx.xx.2014cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyırlar. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01/15-ƏS saylı əlavə sazişdən görünür ki, kredit müqaviləsi üzrə qalıq borc 3410.11 ABŞ dolları təşkil edir və kreditin son ödənmə tarixi xx.xx.2017 -ci il kimi müəyyən edilir. DəmirBank” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə 01/15-ƏS nömrəli xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, kredit müqaviləsi üzrə qalıq borc 3410.11 ABŞ dolları təşkil edir və kreditin son ödənmə tarixi xx.xx.2017-ci il kimi müəyyən edilir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 2 saylı əlavə sazişdən görünür ki, kredit müqaviləsi üzrə qalıq borc 4165.59 ABŞ dolları təşkil edir və kreditin son ödənmə tarixi xx.xx.2022-ci il kimi müəyyən edilir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014cü il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə yaranmış öhdəlikləri 3 gün ərzində təmin etmədikləri halda kredit müqaviləsi üzrə əsas borcu, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli arayışından görünür ki, LPO Dəmirbank ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 29 aprel 2025-ci il tarixinə 1187.99 ABŞ dolları əsas borcu, 504.31 ABŞ dolları faiz borcu, 1637.30 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 167.36 ABŞ dolları olmaqla, cəmi 3496.96 ABŞ dolları borcu yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) manatnadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) manat dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. 8.6-ci bəndinə əsasən fərmanın təsir dairəsinə vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar aid edilmişdir. 8.8-ci bəndinə əsasən güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir . Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 3800 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 kredit məbləğini qəbul edərək ondan istifadə etməsinə və kredit məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcunun ödənilməsini təmin etməmişdir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə iddiaçı arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və borcalan Cavabdeh1 İddiaçı ASC qarşısında öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh2 öz üzərinə götürmüşlər. Kredit və zaminlik müqavilələrinə xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli əlavə sazişlər bağlanmış və son ödəniş tarixi xx.xx.2022-ci il kimi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə və zaminlik müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onların iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 1187.99 ABŞ dolları əsas borc məbləği Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçı ASC-nin Cavabdeh1 qarşı hazırkı iddia tələbinin əsas borca hesablanmış 504.31 ABŞ dolları faiz borcunun, 1637.30 ABŞ dolları məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 167.30 ABŞ dolları faiz borcunun tutulması hissəsinə münasibət bildirərək məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilənin bitdiyi tarixdən iddia verilənədək tutulmalı olan faizin məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona borcun qaytarılmaması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. X4 üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman Cavabdeh1 münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etmişdir. Göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit verməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış əsas kredit borcunun ödənilməsini Cavabdeh1 tələb etməkdə haqlıdır. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Bundan başqa, işdən göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi şərtlərinə görə zamin-Cavabdeh2 iddiaçı qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və onların iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndindən görünür ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə 24 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliyin son tarixi əlavə sazişlə xx.xx.2022-ci ilə kimi uzadılmışdır. İddiaçı ləğv prosesində olan "xxxx" ASC hazırki iddia ərizəsi ilə zamin-Cavabdeh2 qarşı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərkən zaminə qarşı iddia irəli sürülməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, zaminlər Cavabdeh2 zaminliklərinə xitam verilməli və iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1187.99 ABŞ dolları məbləğində əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. İddia tələbi əsas borca hesablanmış 504.31 ABŞ dolları faiz borcunun, 1937.30 ABŞ dolları məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 167.3079.45 ABŞ dolları faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh1 40.19 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməli, 39.26 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1187.99 (bir min bir yüz səksən yeddi ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh1 40.19 (qırx manat on doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilsin. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun dövlət rüsumu olaraq ödədiyi 39.26 (otuz doqquz manat iyirmi altı qəpik) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-988/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-988/2025
17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver