Məhkəmə qərarları › İş №e-2(033)-99/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-99/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-99/2025 13.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3700 manat pulun və ödənilmiş dövlət rüsumu 57 (əlli yeddi) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yardımlı rayonu Əvçədulan kəndində yaşayır. Cavabdeh 2020-ci ildən tanıyır. Onunla dəfələrlə Bakı şəhərində görüşmüşlər. Həmin vaxt Cavabdeh ona Təhsil Nazirliyində işlədiyini demişdir. X4 X2 bitirmişdir. Sevinclə söhbət zamanı oğlu Cahangirin işə düzətməsində ona köməklik göstərə biləcəyini demiş və bunun üçün ondan 5000 manat pul istəmişdir. Buna görə də xx.xx.2020 - ci il tarixdə 3500 manat, 20.08. 2020-ci il tarixdə isə 1500 manat pulu poçt vasitəsi ilə Cavabdeh göndərmişdir. Aradan uzun müddət keçməsinə baxmayaraq Cavabdeh nə oğlunu işə düzəltmiş, nə də ki aldığı pulu geri qaytarmamışdır. Cavabdeh qarşı digər şəxsin şikayəti əsasında Nəsimi Rayon Məhkəməsində baxılan iş üzrə şahid qismində çağırılaraq ifadə verərkən Cavabdeh ondan şikayət etməməyi xahiş etmiş və pulu ödəyəcəyini demişdir. Bir müddət sonra Cavabdeh ondan aldığı puldan 1300 manatını qaytarsa da, 3700 manatı qaytarmamışdır. Bu barədə dəfələrlə ona bildirsə də hər dəfə bir səbəb göstərməklə pulu qaytarmaqdan yayınmışdır. Məcbur olub Cavabdeh hərəkətləri barədə Yardımlı rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti ilə bağlı Yardımlı RPŞ-in xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərarda ona izah edilmişdir ki, Cavabdeh verdiyi pulla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ vardır. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.07. 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı 09 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə onun heç bir tanışlığı yoxdur. Cavabdehin tələbə yoldaşı Fizuli adlı şəxs Yardımlı rayonunda olarkən Fizuli ona cavabdehin Təhsil Nazirliyində işlədiyini bildirmiş və sonuncuya 5000 manat pul verərsə oğlunu işlə təmin edəcəyini bildirmişdir. O, buna inanaraq rayondan poçt vasitəsi ilə cavabdehə birinci dəfə 3500, ikinci dəfə isə 1500 manat pul göndərmişdir. O. sonradan bilmişdir ki, cavabdeh işə düzəltmək adı ilə onun kimi bir neçə şəxsi də aldadaraq pullarını mənimsəmişdir. Daha sonra o, Nəsimi rayon məhkəməsində cavabdehin işi ilə bağlı şahid qismində dəvət edilmiş və sonuncu ona yalvararaq xahiş etmişdir ki, onun üzünə durmasın və ondan götürdüyü pulu tezliklə qaytaracaqdır. Cavabdehin barəsində hökm elan edilmiş və ona cəza təyin edilmişdir. O. cavabdehdən pulun qaytarılmasını gözləsə də sonuncu ödəniş etmədiyindən müxtəlif orqanlara müraciət etmiş və bundan sonra cavabdeh ona 300 manatı 23 yanvar 2023-cü ildə, 300 manatı 06 fevral 2023-cü ildə, 300 manatı 02 mart 2023-cü ildə, 200 manatı 07 iyul 2023-cü ildə, 200 manat 11 avqust 2023-cü ildə, cəmi 1300 manat ödəmişdir. Sonuncu ödənişdən 7-8 ay keçməsinə baxmayaraq cavabdeh daha ödənişlər etməmiş və o, Polis Şöbəsinə müraciət etdikdə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Yardımlı rayon polis şöbəsinin İQ-un baş müstəntiqi, polis mayoru X1 23 fevral 2023cü il tarixli cinayət təqibinə xitam verilməsi barədə qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğu, cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçdiyi və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğu üçün Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən Cavabdeh barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Yardımlı Rayon Polis Şöbəsinin ********* materialı üzrə verdiyi izahatında Cavabdeh bildirmişdir ki, Zaqatala rayonunda qeydiyyatda olsa da hazırda Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 yanvar küçəsi ev 7A mənzil 22-də yaşayır. Yardımlı rayonu Əfçədulan kəndində yaşayan İddiaçı 2020-ci ildən tanıyır. Onunla Bakı şəhərində bir neçə dəfə görüşmüşlər. İddiaçı ondan oğlunu Yardımlı rayonunda müəllim kimi işə düzəltməsini xahiş etmiş, o da İddiaçı oğlunu işə düzəldəcəyini demişdir. Həmin işin müqabilində İddiaçı 5000 manat pul istəmiş, Elşadda 24 iyul 2020-ci il tarixdə 3500 manat, 20 avqust 2020-ci il tarixdə isə 1500 manat pulu poçt vasitəsi ilə ona göndərmişdir. Lakin o, Elşadın oğlunu işə düzəldə bilməmişdir. Həmin pulu xərcləmişdir. Həmin pulun bir qismini ödəmiş, qalan maddi ziyanı da ödəyəcəkdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023- xx.xx.2023-cü il və xx.xx.2023xx.xx.2023-cü il dövrü əhatə edən ödəniş kartı üzərindən çıxarışlardan görünür ki, İddiaçı hesabına 23 yanvar 2023-cü ildə 300 manat, 06 fevral 2023-cü ildə 300 manat, 02 mart 2023-cü ildə 300 manat, 07 iyul 2023-cü ildə 200 manat və 11 avqust 2023-cü ildə 200 manat daxil olmuşdur. 29 avqust 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 57 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində zərərə məruz qalmış və ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini cavabdehdən tələb etmişdir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21.1; 21.2, 1096.1 və 1097.1 maddələri təşkil edir. İşdə olan sübutlardan müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı övladını işə düzəldəcəyini vəd edərək sonuncunun etibarından sui-istifadə etməklə 24 iyul 2020-ci il tarixdə 3500, 20 avqust 2020-ci ildə tarixdə isə 1500 manat, ümumilikdə 5000 manat pulunu ələ keçirərək, dələduzluq etməklə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətmişdir. Lakin Yardımlı rayon polis şöbəsinin İQ-un baş müstəntiqi, polis mayoru X1 23 fevral 2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi barədə qərar ilə Cavabdeh törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 (iki) ildən artıq müddət keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verilmişdir. Cavabdeh İddiaçı bir müddət vurulmuş zərər üzrə ödəniş etdiyindən və sonradan Cavabdeh vədini yerinə yetirmədiyindən iddiaçı ona qarşı vurulmuş ziyan olaraq 3700 manat pul tələbini irəli sürmüşdür. Yuxarıda göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyandır. Maddi ziyanın cavabdehdən tələb olunması üçün, onun qanunazidd hərəkəti ilə dəymiş ziyan arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış Yardımlı rayon polis şöbəsinin İQ-un baş müstəntiqi, polis mayoru X1 23 fevral 2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi barədə qərarının surətindən göründüyü kimi, Cavabdeh İddiaçı övladını işə düzəldəcəyini vəd edərək sonuncunun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə ona maddi ziyan vurmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, tələb olunan 3700 manat maddi ziyanla cavabdehin qanunazidd hərəkətləri arasında səbəbli əlaqə mövcuddur. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən 57 (əlli yeddi) manat dövlət rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3700 (üç min yeddi yüz) manat və ödənilmiş 57 (əlli yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar