Məhkəmə qərarları › İş №e-2(033)-998/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-998/2024

11.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-998/2024 11.12.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və qərəzli hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və qərəzli hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0435 ha həyətyanı torpaq sahəsində dəmir hasarın qaldırılmasına qarşı Cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması və qərəzli hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0.0435 ha həyətyanı torpaq sahəsi üzərində ümumi sahəsi 90 kv.m olan fərdi yaşayış evi **********39-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyata alınaraq xüsusi mülkiyyətinə verilmişdir. Qonşusu Cavabdeh və ailəsi ilə qonşuluq münasibətləri yaxşı deyildir. Cavabdeh hər zaman qonşuluq münasibətlərində problem yaradır. Onunla sərhədlərində qanuna uyğun olaraq 230 sm hündürlüyündə divar inşa etmişdir. Lakin bu hündürlük Cavabdeh və ailə üzvlərinin onun həyətinə və evinə olan nəzarətinin qarşısını almaq üçün yetərli olmamışdır. Divar hasardan 70 sm içəridə öz mülkiyyətində olan torpaqda dəmir hasar qaldırmaq istəyir (4 metr hündürlüyündə). Hasarın inşasına başladığı zaman Cavabdeh polisə müraciət edir, onun həyətində olan inşaya mane olur. Bu hal dəfələrlə təkrarlanmışdır. Polis əməkdaşlarına vəziyyəti izah edə bilmir. Onlarda ondan məhkəmə qətnaməsi tələb edir. Cavabdehin qərəzli hərəkətləri səbəbindən o öz mülkiyyətində olan torpaqda dəmir hasar inşa edə bilmir. Cavabdehin bu qərəzli hərəkətlərinə son qoyması üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, həyətlərində hasar inşa etmək istəyirlər, lakin cavabdeh buna etirazını bildirir. Cavabdeh Polis Şöbəsinə şikayət etmiş və polis əməkdaşı həyətinə gələrək divarın inşasına icazə verməmişdir. Cavabdeh ilə heç bir mübahisələri olmamışdır, sadəcə cavabdeh narazıçılığını bildirdiyi üçün məhkəməyə müraciət etməli olmuşdurlar. Onlar, nə cavabdehin həyətini görmək istəmirlər, nədə istəmirlər ki, cavabdeh onların həyətini görsün. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək göstərdi ki, cavabdeh tərəfindən iddiaçıya qarşı heç bir qərəzli hərəkətlər edilməmiş və onun tərəfindən maneələr törədilməmişdir. Tərəflər qonşudurlar və bir-biri ilə mehribandırlar. İddia əsassız olaraq qaldırılmışdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Yazılı sübutlar İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01 avqust 2023-cü il olan Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0,0435 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 15 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.36-cı maddəsinə əsasən iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar ortaq divar sayılır. 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, torpaq sahəsinə yerində baxış keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı cavabdehin həyətində hasar tikməsinə maneə yaratdığını və qərəzli hərəkətlər etdiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla, iddiaçının ünvan 1 ünvanında yerləşən mülkiyyətindəki 0.0435 ha həyətyanı torpaq sahəsində dəmir hasar tikməsinə cavabdeh tərəfindən maneə törədilməsi və ya qərəzli hərəkətlər edilməsi halı təsdiq edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsində dəmir hasar tikməsi işində maneə törədilməsi və ya qərəzli hərəkətlər edilməsi halı təsdiq edilmədiyindən, iddiaçının cavabdehə qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0435 ha həyətyanı torpaq sahəsində dəmir hasarın qaldırılmasına qarşı cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması və qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0435 ha həyətyanı torpaq sahəsində dəmir hasarın qaldırılmasına qarşı Cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması və qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar