Məhkəmə qərarları › İş №e-2(034)-11/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-11/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-11/2022 29.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2190 manat qalıq, 110.38 manat cərimə borcu olmaqla, cəmi 2300.38 manat borcun və 20 ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı, Məhkəmə 27.08.2021-cı il tarixdə 2(034)-612/2021 saylı məhkəmə əmri ilə Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2190 manat əsas, 110.38 manat cərimə borcu olmaqla, cəmi 2300.38 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını əmr etmişdir. Lakin, Cavabdeh 23.12.2021-cı il tarixdə Zəngilan rayon Məhkəməsinin 2(034)- 612/2021 saylı 27.08.2021-cı il tarixli məhkəmə əmrinə etiraz verdiyindən, Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 283-cü maddəsinin tələblərinə riayət etməklə 2(034)-612/2021 saylı 28.12.2021-cı il tarixli qərardadı ilə Zəngilan rayon Məhkəməsinin 2(034)-612/2021 saylı 27.08.2021-cı il tarixli məhkəmə əmrini ləğv edib mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, kreditor ilə borclu arasında bağlanmış 22.01.2021-ci il tarixli ONK00951 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, borcluya 2190 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul borcluya təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş“ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin tələbinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclunun kreditor qarşısında müqavilə üzrə qalıq borcu 2190 manat təşkil edir. Müqavilənin tələbinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə) pulu ödəməyi borclu öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1103.76 manat təşkil edir.Hazırda borclulara qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edirlər. Həmin məbləğin 10%-i isə 110.38 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.01.2021-ci il tarixli ONK00951 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 2190 manat olan “Yamaha DGX Y” və "xxxx" markalı məişət avadanlığını cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isə hər ayın ödəniş haqqı 146 manat olmaqla 15 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin cavabdeh aldığı əşyalara görə iddiaçıya 22.01.2021-ci il tarixli ONK00951 saylı müqavilə üzrə ödənilməli olan məbləğdən ödəniş etməmiş, onun həmin müqavilə üzrə 2190 manat əsas və 110.39 manat cərimə borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə alınması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2190 manat əsas borcu və 110.38 manat cərimə borcu olmaqla, cəmi 2300.38 manat məbləğində borc tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa 09 iyul 2021-ci il tarixdə dəyişikliklər edilmiş və bu dəyişikliklər 2021-ci ilin oktyabr ayının 1-dən qüvvəyyə minmişdir. İddiaçı 25.08.2021-ci il tarixdə məhkəməyə ərizə verərkən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq 20 manat rüsumu ödəmişdir. Məhkəmə əmrindən etiraz verildiyindən və iddia icraatına keçirildiyindən, artıq iddianın qiyməti Azərbaycan Respublikası MPM-nin 112-ci maddəsinə əsasən, alınan pul vəsaitinin məbləği ilə müəyyənləşdirilir. İddianın qiyməti 500 manatdan artıq oluğuna görə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən dövlət rüsumu 30 manat müəyyən edilir. Odur ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməmiş hissəsi 10 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə, 20 manat məbləğində pul vəsaiti isə cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 222-ci maddələrinə rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 2190 manat əsas borc, 110.38 manat cərimə borcu olmaqla, cəmi 2300.38 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar