Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-22/2024 01.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı “Renta Car 929» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “Renta Car 929» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4312 manat əsas məbləğ və ödənilmiş 64 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Respublikası vətəndaşı X3 arasında nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdlr. Müqaviləyə əsasən “Kia” markalı, **-BH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 icarəyə verilmişdir.xx.xx.2022-ci ildə saat 03:30 radələrində “Kia Cerato” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Wolksvagen Jetta” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş və mülkiyyətlərinə külli miqdarda zərər dəymişdir. Belə ki, qəza zamanı təqsirli olan “Wolksvagen Jetta” markalı **-NL-*** nömrə nişanlı nəqliyyat vasitəsi etibarnamə yolu ilə Cavabdeh1 məxsusdur. Lakin, qəza zamanı nəqliyyat vasitəsini dostu Cavabdeh2 idarə etmişdir. Sözü gedən qəza zamanı Cavabdeh2 svetaforun qırmızı işğına məhəl qoymamış və nəticədə sözü gedən yol nəqliyyat hadisəsi baş vermişdir. Sözü gedən qəzada onlara 4312 manat maddi ziyan dəymişdir. Cavabdeh1 məxsus nəqliyyat vasitəsinin icbari sığortası olmadığından dəymiş ziyan sığorta şirkəti tərəfindən qarşılanmamışdır. Onlara dəymiş zərərin ödənilməsinin təmin edilməsi barədə cavabdehlərə dəfələrlə müraciət etsələr də, cavabdehlər onlara 1000 manatdan çox pul verməyəcəklərini bildirmişlər. Bu səbəblə onlar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddia etdikləri bütün hallar Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli (cinayət işinin başlanılmasının rədd edilməsi haqqında) qərarda öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-ci maddəsinə əsasən, hərkəsin qanunla qadağan olunmayan vasitələrlə özünü müdəfiə etmək hüququ vardır. Dövlət hərkəsin hüquq və azadlıqlarına təminat verir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Mahmud Şahpələngov ərizə ilə məhkəməyə müraciət edərək, proseslərinin gərginliyini nəzərə alaraq, baxış iclasını iştirakları olmadan keçirib, iddialarının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirmişdlir ki, xx.xx.2022-ci ildə saat 03:30-da Cavabdeh1 içkili olduğu üçün maşını o, idarə etmiş və hadisədə baş vermişdir. Etibarnamənin vaxtı həmin vaxt bitmişdir. Verilmiş rəy ilə razı deyildir. İddiaçı ondan 2000 manat pul istəmiş, onlarda ona 1500 manat verə biləcəklərini bildirmiş, razılığa gələ bilməmişlər. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, səhhətilə bağlı proseslərdə iştirak edə bilməyəcəyini bildirmişdir. İddiaçı tərəfindən onun cavabdeh qismində cəlb edilməsinə etiraz edir. Belə ki, iş materiallarından açıq-aydın görünür ki, hadisə baş verən avtomobillə bağlı onun hər hansi qanuni bağlılığı olmamışdır. İddiaçının iddia ərizəsində qeyd etiyi kimi, hadisə vaxtı avtomobil nə tərəfindən idarə olunmuş, nə də ki, qüvvədə olan hər hansı etibarnaməsi olmamışdır. Avtomobil iş üzrə digər cavabdeh tərəfindən idarə olunduğundan onun bu iş üzrə cavabdeh qismində cəlb edilməsi anlaşılan deyildir. Hadisə ilə bağlı təqsirkar olmadığından ona DYP idarəsi tərəfindən hər hansı protokol tərtib edilməmiş, məsuliyyətə cəlb edilməmişdir. Odar ki, Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbinə əsasən iddia üzrə əsl olmayan tərəfinən əvəz edilməklə iddianın ona nisbətdə təmin edilməməsini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahih etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 14 dekabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələri, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları məqsədi ilə qəbul edilmiş qərar icra edilməsi üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan «Kia Motors» tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Kia Cerato” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə çəkilmiş xərc 4.312,00 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli avtomobilin icarə müqaviləsindən görünür ki, “Kia Cerato” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2032-ci il tarixə kimi icarəyə verilmişdir. İş materialarında olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materialarında olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan icarəçi “Renta Car 929» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0015 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyəverən qanuni əsaslarla ona məxsus olan “Kia Cerato” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8407 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesblama yolu ilə təqdim edilmiş «Kia Motors» servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən “Kia Cerato” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3415.00 manat müəyyən edilir: O, cümlədən dəyişməli hissələrin qiyməti-2055.00 manat, təmir-bərpa hissələrinin qiyməti isə 1560.00 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Eyni Məcəllənin 1108.2-ci maddəsinin tələbinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X3 arasında nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən “Kia” markalı, **-BH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 icarəyə verilmişdir.xx.xx.2022-ci ildə saat 03:30 radələrində “Kia Cerato” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Wolksvagen Jetta” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş və toqquşma nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə külli miqdarda zərər dəymişdir. Qəza törətmiş “Wolksvagen Jetta” markalı **-NL-*** nömrə nişanlı nəqliyyat vasitəsi etibarnamə yolu ilə Cavabdeh1 məxsus olmuş, lakin qəza zamanı nəqliyyat vasitəsini onun dostu Cavabdeh2 idarə etmişdir. Sözü gedən qəza zamanı Cavabdeh2 işıqforun qırmızı işğına məhəl qoymamış və sözü gedən yol nəqliyyat hadisəsini törətmiş və Nəsimi rayon DYPŞ-nin TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarı ilə 100 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh1 məhkəməyə ünvanladığı ərizəsində hadisə baş verən avtomobillə bağlı onun hər hansı bağlılığının olmamasını, avtomobilə dair onun heç bir etibarnaməsinin olmadığını, avtomobil digər cavabdeh tərəfindən idarə etdiyindən onu cavabdehlər sırasından çıxarılmasını xahiş etsə də, məhkəməyə “Wolksvagen Jetta” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ona məxsus olmadığı barədə sübutlarını təqdim etməmişdir. Əksinə, iş materiallarında olan Nəsimi rayon DYPŞ-nin TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 ona məxsus nəqliyyat vasitəsinin icbari sığortası olmadığından o, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən 50 manat məbləğində cərimələnmişdir. Eyni zamanda Cavabdeh2 məhkəmə iclasında avtomobilin Cavabdeh1 məxsus olduğunu və avtomobili yol nəqliyyat hadisəsindən dərhal sonra satıldığını bildirmişdir. Cavabdeh1 məxsus nəqliyyat vasitəsi sığortalanmadığından dəymiş ziyan sığorta şirkəti tərəfindən qarşılanmamış, baş vermiş hadisə zamanı iddiaçıya 4312 manat maddi ziyan dəymişdir. İddiaçı tərəfindən cavabdehlərə onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə müraciət olunsa da, cavabdehlər 1000 manatdan artıq pul verməyəcəklərini bildirmişlər. İddiaçı cavabdehlərdən onlara dəymiş zərərin əvəzi olaraq, yəni dəiyşdirilmiş ehtiyat hissələrinin dəyəri 3152 manat, xidmət haqqının dəyəri isə 1160 manat olmaqla, yekun olaraq 4312 manat məbləğində pulu tələb etsə də, mülki iş üzrə verilmiş ekspert rəyində isə dəyişməli hissələrin qiyməti 2055 manat, təmir-bərpa hissələrinin qiyməti isə 1560 manat olmaqla, cəmi 3415 manat olması müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3415 manat məbləğində maddi ziyan iddiaçı “Renta Car 929» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 64 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydadan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda 100 manat məbləğində ekspertiza xərcinin 50 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 50 manatı isə iddiaçı “Renta Car 929» Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3415 manat məbləğində maddi ziyan və 64 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “Renta Car 929» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza xərcinin 50 manatı tutularaq Dövlət Büdcəsinə ödənilsin İddiaçı “Renta Car 929» Məhdud Məsuliyyətli Cəmiyyətindən ekspertiza xərcinin 50 manatı tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-22/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-22/2024
01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver