Məhkəmə qərarları › İş №e-2(034)-220/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-220/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-220/2022 28.04.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 1640.88 manat məbləğində kredit borcu, 173.81 manat məbləğində faiz borcu, 7033.69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8848.38 manat məbləğində borcun və ödənilmiş 108.49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23.07.2009-cu il tarixli 05A000015218 saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdehin götürdüyü kredit borcundan iddiaçıya 1640.88 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 02.03.2022-ci il tarixə 4240 gün üçün hesablanmış faiz borcu 173.81 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün 30 manat məbləğində cərimə ödəməlidir. 02.03.2022-ci il tarixə 4240 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 7033.69 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Barat oğlu zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. O, həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Sonda məhkəmədən iddianın təmin edilməsi xahiş olunur. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil «əqdin etibarsızlığı, zaminlik müqaviləsinin xitamı və iddia müddətinin tətbiqinə dair» iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" QSC cavabdehiər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc" tələbinə dair iddia qaldırmışdır. İddiaçı Cavabdeh1lə 23.07.2009cu il tarixində bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı üçün Cavabdeh2la zaminlik müqaviləsi bağlanıldığını, buna görə də hazırda ödənilməmiş borc üzrə hər iki cavadehin bərabər öhdəlik daşıdıqlarını iddia edir. Cavabdeh2 on üç il öncə bağlanıldığı iddia edilən zaminlik müqaviləsindən məlumatsızdır, kredit müqaviləsinin bağlanıldığı şəxsi tanımır, zaminlik müqaviləsinäəki imzasının başqası tərəfindən bənzədilərək atıldığını bildirir. Bundan əlavə, zaminlik müqaviləsinə mülki qanunvericiliyə görə kəsici müddətin keçməsi ilə xitam verilmişdir. Eyni zamanda, zaminlik tələbinin bağlı olduğu əsas tələb-kredit müqaviləsi üzrə tələb üçün qanunvericilikdə nəzərdə tutulan üç illik iddia müddəti ötürülmüş, nəticədə əlavə tələb kimi zaminlik üçün də iddia müddəti ötürülmüşdür. Cavabdeh2 iddia ərizəsində qeyd olunan “borc” tələbini qəbul etmir. İddiaya əsasən "xxxx" QSC ilə Cavabdeh1 arasında 23.07.2009- cu il tarixində kredit müqaviləsi, öhdəliklərin icrasının təmini məqsədilə isə Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. On üç ildən sonra Cavabdeh2 qarşı borc tələbi ilə iddia qaldırılmışdır. Cavabdeh2 on üç il öncə bağlanıldığı iddia edilən zaminlik müqaviləsini xatırlamır, bundan xəbərdar olmadığını söyləyir. 2009-cu ildə Cavabdeh2 heç bir işdə çalışmayan, maddi sıxıntılar içərisində olan üçüncü kurs tələbəsi ikən onun hansısa bank krediti müqaviləsində zamin durması və onun bank tərəfindən zamin kimi qəbul edilməsi inandırıcı deyildir.C. Ramazanov kredit müqaviləsinin bağlanıldığı şəxsi də tanımır, heç vaxt görməmişdir. Zaminlik miiqaviləsindəki imza ona məxsus deyildir, həmin dövrdəki şəxsiyyət vəsiqəsindəki imzaya bənzdilməyə çalışılmış, beləliklə, müqaviləyə saxta imza atılmışdır. Ötən on üç il ərzində isə Cavabdeh2 heç vaxt heç bir bildiriş, xəbərdarlıq, borc haqqında məlumat daxil olmamış, məhkəmədə iddia qaldırılmamışdır. Yalnız 2022-ci ilin mart ayında məlumatsız olduğu bir müqavilə üzrə yüksək məbləğdə 8848 manat 38 qəpik borc tələbi irəli sürülmüşdür.Sonda etirazda İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı «borc» tələbinə dair iddiasının rədd edilməsi xahiş olunur. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil «iddia müddətinin tətbiqinə dair» ərizə ilə məhkəməyə müraciət edərək ərizəni onunlaə saslandırmışdır ki, iddiaçı "xxxx" QSC cavabdehiər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc" tələbinə dair iddia qaldırmışdır. İddiaçı cavabdeh İ. Paşayevlə 23.07.2009-cu il tarixində bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı üçün Cavabdeh2la zaminlik müqaviləsi bağlanıldığını, buna görə də hazırda ödənilməmiş borc üzrə hər iki cavadehin bərabər öhdəlik daşıdıqlarını iddia edir. İddiaçı qanunla müəyyən edilmiş iddia müddətini buraxdığı üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasına iddia müddəti tətbiq edilməli, və məhkəməyə təqdim edilmiş iddiaya etirazda göstərilən digər əsaslarda nəzərə alınmaqla, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmaısnı xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, e-2(034)-220/2022 saylı mülki iş üzrə 28.04.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələblərini müdafiə ediklərini və Cavabdeh2 tərəfindən verilmiş ərizəyə etiraz etdiklərini bildirmişdir. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən tərəflər müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Həmçinin zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminlik müqaviləsi borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir. Bundan başqa, Cavabdeh2 vəkili iddia müddətinin tətbiqi barədə ərizəsində müddət tətbiq edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Halbuki əsas borcluya münasibətdə iddianın rədd olunmasını tələb etməyə subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş ərizəyə etiraz edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək ona verilən sual-cavablarda bildirmişdir ki, İddiaçı-ın nümayəndəsinin dolandırıcılığa görə cinayət işi olmuşdur. Borc onun adında, amma borcdan xəbəri yoxdur. Zamin isə o adam deyildir. İddiaçı-dan kredit almış, alıb başqasına vermişdir. Bankdan 3000 manat pul götürmüş, götürüb bankın işçisinə vermişdir .Onun adı da Cavid olmuş, amma bu Cavid olmamışdır. O zaman o, hərbidə işləmişdir. Tanıdığı adam olduğu üçün gəl götürək özü ödüyəcəyini demişdir. Cavidlə əlaqə saxlamış, borcun yarısını ödəmişdir. Sonuncu ödəniş isə 2010-cu ildə olmuşdur. Cavid cavabdehliyi öz üzərinə götürmüş, 8 il məhkumluğu olmuşdur. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək ona sual-cavablarda bildirmişdir ki, 12 il keçmiş, iddia müddəti bitmişdir. Etiraz verilmiş və müqaviləyə xitam verilmişdir.2009-cu ildə krediti 1 il müddətinə götürülmüşdür. İyulun 23-də müqavilənin icra müddəti bitmişdir. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23.07.2009-cu il tarixli 05A000015218 saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı kimi digər Cavabdeh2 ilə 23.07.2009-cu il tarixili 05G000014883 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin Banka 02.03.2022-ci il tarixə 1640.88 manat məbləğində kredit borcu, 173.81 manat məbləğində faiz borcu, 7033.69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8848.38 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit müqaviləsi 23.07.2009-cu il tarixə 12 ay müddətinə bağlanmışdir, krediti ödəmək üçün son icra müddəti müqavilə üzrə 23.07.2010-cu il tarixi müəyyən edilmişdir, cavabdehin bildirdiyinə görə sonuncu ödəniş 2010-cu il tarixdə olmuşdur. Kreditin icra müddəti 23.07.2010-cu ildə bitdiyinə görə iddia müddətinin axımı həmin müddətdən başlayaraq hesablanmalıdır. Həmin kredit müqaviləsi üzrə iddia müddəti artıq 23.07.2010cu il tarixdə bitmiş,iddiaçı isə məhkəməyə 11.03.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçıQSC tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan da(əməliyyatlar) göründüyü kimi cavabdeh tərəfindən müqavilə üzrə axırıncı ödəniş 26 01.2010-cu ildə 302.50 manat olmuşdur ki,müqavilənin müddəti bitdikdən sonra kredit üzrə 2010-cu ildən sonra heç bir ödəniş olmamış və Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verildiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə hesab edir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilməsinə baxmayaraq hüququ pozulmuş və pozulmasını bilməli olan şəxsin qanunla müəyyən edilmiş müddətlərin ən sonunda məhkəməyə müraciət etməsi ilə hüququnun bərpa edilməsinə çalışması onun mülki hüquq və vəzifələrinin vicdanla həyata keçirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, bu müddət axımında qarşı tərəfin hüququ pozulmasını iddia edən şəxsin ona qarşı məhkəməyə müraciət edib-etməməsini gözləməsi ona müəyyən mənada öz mənfi təsirini göstərməyə bilməz. Məsələn, vaxtında iddia verilib öz təsdiqini tapdığı halda qarşı tərəf maddi imkanı baxımından verilən həmin iddianın (tam və ya qismən) təmini üçün müvafiq tədbirlər görmək imkanına malik olduğu halda, iddia gec (müddətin sonuna yaxın) verildiyi halda qarşı tərəfin bu maddi imkansızlığı ona qəbul edilmiş qərarın icrası ilə bağlı əlavə çətinliklər yaratması ehtimalını özündə ehtiva edir.(qərarın icra edilməməsi ilə qanunvericilik müəyyən edilmiş müvafiq tədbirlər və s.) Göstərilənlərə əsasən məhkəmə iddiaçı tərəfindən borcluya qarşı iddia müddətini ötürməsini nəzərə alıb hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki,iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbinə dair» iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar