Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-243/2022 10.05.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11.08.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 17.02.2021-ci il tarixinə yaranmış 1016 manat əsas, 152.40 manat cərimə borcu olmaqla, cəmi 1168.40 manat borcun və 31.70 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.08.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung A125” markalı və “Samsung A107” markalı mobil telefonlara,“Xiaomi” markalı qulaqcığa, 2 (iki) ədəd xarici akkumlyatora (power bank), 4 (dörd) fərqliaksessuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 57 manat olmaqla, ümumilikdə 1016 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 11.08.2021-ci il tarixli müqavilə üzrə heç bir ödəniş etməmiş və qalıq qalmış 1016 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1524 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1524 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 152.4 manat iddiaçıya ödənilməlidir. Beləliklə, cavabdeh 17.12.2021-ci il tarixədək iddiaçıya olan borcu 1016 manat əsas, 152.40 manat cərimə borcu olmaqla, ümuilikdə 1168.40 manat təşkil edir..Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.08.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Samsung A 125” markalı və “Samsung A 107” markalı mobil telefonlara, və “Xiaomi” markalı qulaqcığa, 2 ədəd xarici akkumlyatora, 4 fərqli aksesuara görə cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh 11.08.2021-ci il tarixli ********* saylı müddətli (nisyə)alqısatqı müqaviləsi üzrə hər ayın ödəniş haqqı 57 manat olmaqla 18 ay müddətinə, əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışdan göründüyü kimi, cavabdeh tərəfindən 11.08.2021-ci il tarixli ********* saylı müddətli (nisyə)alqı-satqı müqaviləsi üzrə heç bir ödəniş etməmiş, müqavilə üzrə cəmi 1168.40 borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən 11.08.2021-ci il tarixli ********* saylı müddətli (nisyə)alqı-satqı müqaviləsi üzrə 152.40 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin 11.08.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1016 manat məbləğində borc üçün tələb etdiyi 154.40 manat məbləğində cərimə pulunun tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi 11.08.2021-ci il tarixli müqavilə üzrə 154.40 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 31.70 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 31.70 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 1016 manat məbləğində əsas, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1026 manat məbləğində borc və ödənilmiş 31.70 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-243/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-243/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver