Məhkəmə qərarları › İş №e-2(034)-256/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-256/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-256/2025 02.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı X3 nümayəndəsi X1 , Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 7738,09 manat olmaqla-7491,35 manat əsas, müqavilə müddəti üçün hesablanan 91,90 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanan 0,92 qəpik cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 153,92 manat faiz borcu və iş üzrə ödənilmiş 97,38 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 111/36/434/19 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 9788,70 manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borclu Cavabdeh1 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zaman Cavabdeh2 ilə Bank arasında eyni tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borc 7738,09 manat təşkil edir. Bundan 7491,35 manat əsas, müqavilə müddəti üçün hesablanan 91,90 manat müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanan 0,92 qəpik cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 153,92 manat faiz borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, müqavilənin icra müddəti 2024-cü ilin avqust ayında bitmişdir. Krediti 60 ay müddətinə 5 illik vermişlər. Cavabdehin 7738,09 manat borcu qalmış, cavabdehə bildiriş məktubu göndərilmiş, cavabdeh gəlmədiyi üçün onlarda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 5% 9 yanvar 2025-ci il tarixdən hesablamışlar. Cavabdehin xx.xx.2025-ci ildə ödədiyi 150 manat ödənişi əsas borcuna çıxılmışdır. Əsas borc 7491.35 manatı azaldıb 7341.35 manat etmişlər. Müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 7738.09 manatı azaldıb 7707.53 manat etmişlər. 91,90 manat isə faiz borcu qalmışdır. Sonda idiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, o, İİ qrup Qarabağ əlilidir. Ona məktub gəlib çatmamışdır. Banka müraciət edərək, 60 (altmış) ay müddətinə 9788,70 manat məbləğində kredit götürmüş, ilk öncə ödənişlər etmiş, sonradan işdən ayrıldığı üçün ödəniş edə bilməmişdir. 3000 manata yaxın banka ödəniş etmişdir. Bank tərəfindən ona bildiriş gəlməmişdir. Onun banka 7491,35 manat borcu qalmışdır. 2 ildən çoxdur ki, banka ödəniş etmir. Sonuncu ödənişi xx.xx.2025-ci ildə etmişdir. Borcunu hissə-hissə ödəyir. Sonda cavabdeh məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən subutlar: -İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 111/36/434/19 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 9788,70 manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. -İş materiallarına əlavə olunmuş ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 111/36/434/19 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, onlar borcu ilə birlikdə zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzində görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına 150 manat məbləğində ödəniş edilmişdir. -İş materiallarına əlavə olunmuş Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli, 12-5/2-C-21-8237/2025 nömrəli arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2025ci il tarixə 7341.35 manat əsas, 91.9 manat faiz, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanan 0.92 manat cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 273.36 manat faiz borcu olmaqla, 7707.53 manat məbləğində kredit borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1.Kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1-ci və 445.2.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 470.1.Zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Maddə 465.Əgər borclu öhdəliyin icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cəriməyə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 449.1.Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 449.4.Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 111/36/434/19 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 9788,70 manat məbləğində kredit borcu bank tərəfindən 60 ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmiş, həmçinin Cavabdeh1 ilə restrukturizasiya müqaviləsi bağlanılan zaman digər Cavabdeh2 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə zamin borclu ilə birlikdə borcun vaxtında ödənilməsi üçün üzərinə məsuliyyət götürmüşdür. Lakin, cavabdeh müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə üzərinə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş, nəticədə cavabdehin banka 7738,09 manat məbləğində borcu yaranmış, cavabdeh borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən yazılı olaraq xəbərdar edilmiş, xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən borcdan 150 manat ödəniş edilmiş, həmin ödəniş iddiaçının nümayəndəsinin bildirdiyinə görə əsas borcdan çıxılmış, cavabdehin hazırda banka iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından da göründüyü kimi əsas borcu 7341.35 manat təşkil etmişdir. Araşdırma zamanı Cavabdeh1 iddianı qəbul etmiş, banka 3000 manata yaxın ödəniş etməsini, lakin sonradan işdən çıxdığı üçün ödəniş edə bilməməsini bildirmişdir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğv etmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə 1 məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, Kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7341,35 manat əsas, 91.90 manat faiz, 0,92 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 153,92 manat faiz borcu olmaqla, cəmi 7588,09 manat məbləğində borc iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 97.38 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 97.38 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7341,35 manat əsas, 91.90 manat faiz, 0,92 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 153,92 manat faiz borcu olmaqla, cəmi 7588,09 manat məbləğində borc və ödənilmiş 97,38 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar