Məhkəmə qərarları › İş №e-2(034)-289/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-289/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-289/2022 14.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbinə dair»iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1095.82 manat məbləğində kredit borcu, 144.87 manat məbləğində faiz borcu və 1148.03 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2388.72 manat məbləğində borcun və 43.89 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 3404.18 manat ödəniş etmiş və onun iddiaçıya 1095.82 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 136 gün üçün hesablanmış faiz borcu 144.87 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 136 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1148.03 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Sonda məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddianı müdafiə etdiyini və cavabdehlər tərəfindən ödənişlər olduğunu bildirərək, xx.xx.2022-ci il tarixli maliyyə arayışını təqdim edərək cavabdehlərin əsas borc üzrə 582.99 manar borcunun,15.61 qəpik faiz borcunun və 1182.89 manat cərimə borcunun olmasını bildirmiş və xx.xx.2022ci il tarixə olan hesabdan çıxarışını təqdim edərək nəzərə alınmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli 017A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, kreditin təminatı kimi digər Cavabdeh2 ilə bank arasında xx.xx.2019-cu il tarixli 017G**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 740.62 manat əsas, 13.94 manat faiz, 1184.74 manat cərimə borcu olmaqla, cəmi 1939.30 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 1095.82 manat əsas, 144.87 manat faiz, 1148.03 manat cərimə borcu olmaqla, cəmi 2388.72 manat məbləğində borcu vardır. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 582.99 manat əsas, 15.61 manat faiz, 1182.89 manat cərimə borcu olmaqla, cəmi 1781.49 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcunun ödəməyəcəyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilmişdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 1148.03 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 30 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğulndan müştərək qaydada 582.99 manat əsas, 15.61 manat faiz, 30 manat cərimə borcu olmaqla, cəmi 628.6 manat məbləğində borc İddiaçı X3 xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 43.89 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia qismən təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 43.89 manat dövlət rüsumunun 30 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır və ödənilmiş dövlət rüsumunun 13.89 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2019cu il tarixli 017A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 582.99 manat əsas, 15.61 manat faiz, 30 manat cərimə borcu olmaqla, cəmi 628.6 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı X3 xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 13.89 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar