Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-294/2025 08.09.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4249, 78 manat dəymiş zərərin və 64 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı X1 18 iyul 2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixdə saat 17:25-də Yasamal RPİ-nin NH-ə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində “Hyundai Santafe” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Kia K5” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı, X4 və X3 xəsarət almaları barədə məlumat daxil olduğu göstərilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Hyundai Santafe” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 3(004)-329/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, lakin inzibati məsuliyyətə cəlbetmə müddəti ötürüldüyündən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. "xxxx" ASC-nin dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatına əsasən “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7591 manat zərər dəymişdir. “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 3341. 22 manat və sağlamlığa dəymiş zərərə görə isə 750 manat sığorta ödənişi edilmişdir. İddiaçı daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh 4249, 78 manat dəymiş zərərin və 64 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasına dair iddia ərizəsi üzrə e-2(034)-294/2025 saylı mülki iş məhkəmənin icraatındadır. e-2(034)- 294/2025 saylı mülki iş üzrə məhkəmə tərəfindən qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün qərardad "xxxx" MMC-yə göndərilmiş və qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün "xxxx" MMC-yə 350 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.Ona görə də məhkəmədən Cavabdeh 4249, 78 manat dəymiş zərərin, 64 manat dövlət rüsumunun və 350 manat qiymətləndirmə xərcinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edidib, iddianın məzmununa uyğun izahat verərək bildirmişdir ki, «Kia Soul” markalı **-ZX-*** dövlət nişanlı avtomobilə dəymiş zərərə görə 3341 22 manat, sağlamlığa dəymiş zərərə görə isə 750 manat sığorta ödənişi edilmişdir. Cavabdehdən 4249,78 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Maşın bərbad vəziyyətdədir. Cavabdeh maşında uşaqlarında xəsarət almasını görmüş, lakin sonradan onlar da maraqlanmamışdır. Maşın təmir olunmuşdur. Bununla bağlı cavabdeh Yasamal Rayon Məhkəməsində İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, amma məsuliyyətə cəlb etmə müddət ötürüldüyü üçün icraata xitam verilmişdir.Sığorta yazılan həcmdə maşını təmir edir amma tam etmir. İstintaq ayrı qənaətə gəlmiş, günah cavabdehdə olmuşdur ki, işi məhkəməyə göndərmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin olunmasını, cavabdeh X2 4249.78 manat dəymiş zərərin, 64 manat dövlət rüsmunun və ”Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-yə ödənilmiş 350 manat qiymətləndirmə xərcinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Yasamal Rayon Məhkəməsində iş olmuş və işə xitam verilmişdir. Yol nəqliyyat hadisəsi baş vermiş, iddiaçı tərəfin qeyd etdiyi məbləğlə razı deyildir. Yasamal rayonu, Moskva prospektində “Hyundai Santafe” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil və “KİA K5” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Zəncirvari qəza baş vermişdir. Ekspertiza və qiymətləndirmədə isə iştirak etməmişdir. Sonda cavabdeh məsələnin həllini məhkəmənin mülahizəsinə verməsini bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul ounmuş qərarın surəti Yasamal rayon Polis İdarəsinin Dövlət X11 göndərilmişdir. -İş materiallarında olan «Kapital Bank» tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, dəymiş zərərə görə Paşa Sığorta tərəfindən 750 manat məbləğində və 3,341, 22 manat məbləğində sığorta ödənişlər edilmişdir. -İş materiallarında olan Paşa Sığorta tərəfindən verilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, yekun məbləğ 7591 manat, güzəştli məbləğ isə 7058,8 manat məbləğində müəyyən edilmişdir. -İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-329/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cədbetmə müddəti ötürüldüyündən onun barəsində başlanmış inzibati xəta haqqında işi üzrə icraata xitam verilmişdir. -İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş QXM/M-451 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində 2011-ci il buraxılışlı, “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləği 7058 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində “Hyundai Santafe” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Kia K5” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində İddiaçı, X6 və X5 xəsarət almışdır. Polis araşdırması zamanı hadisənin “Hyundai Santafe” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən törədilməsi məlum olmuş, törədilmiş hadisədə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərar Yasamal RPİ-nin DYPŞ-nə göndərilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokol baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(004)-329/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, lakin onun inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. "xxxx" tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Kia Soul” markalı **- ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği yekun olaraq 7591 manat, güzəştli məbləği isə 7058,8 manat məbləğində qiymətləndirilsə də, məhkəmə araşdırması zamanı cavabdeh avtomobilə dəymiş zərərin yüksək olmasını bildirdiyi üçün məhkəmənin qərarı ilə 2011-ci il buraxılmış «Kia Soul” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləği nə qədər təşkil etməsi ilə bağlı ekspertiza təyin edilmiş və eksprt rəyyində aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində 2011-ci il buraxılışlı, “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləği 7058 manat məbləğində müəyyən edilmişdir. “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3341. 22 manat sığorta ödənişi edilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə ödənilmiş sığorta ödənişləri nəzərə alınmaqla, dəymiş maddi ziyana görə 3716,78 (7058-3342,22) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 64 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 64 manat dövlət rüsumu, həmçinin ekspertiza xərci olan 350 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 3716,78, manat məbləğində pul vəsaiti, 64 manat məbləğində ödənilmiş dövlət rüsumu və 350 manat məbləgində ekspertiza xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-294/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-294/2025
08.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver