Məhkəmə qərarları › İş №e-2(034)-343/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-343/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-343/2025 25.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8006.24 manat əsas kredit borcu, 207.24 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 8213.48 manat borcun, həmçinin 102.14 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 381902***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2033-cü il tarixdən yuxarı olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 16.5% dərəcəsi ilə (aylıq ödəniş 254.01 manat olmaqla hər ayın 19-dək ödənilmək şərti ilə) 8880 manat məbləğində kredit verilmişdir. Lakin, kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyən Cavabdeh banka borcu xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 8006.24 manat əsas, 207.24 manat faiz borcu olmaqla, ümumi kredit borcunun məbləği 8213.48 manat təşkil edir. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədilər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddia ərizəsinə əlavə edilmiş sənədləri (sübutları) nəzərə alaraq iddianın tam həcmdə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 381902***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2033-cü il tarixdən yuxarı olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmış, əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 16.5% dərəcəsi ilə (aylıq ödəniş 254.01 manat olmaqla hər ayın 19-dək ödənilmək şərti ilə) 8880 manat məbləğində kredit verilmişdir. -İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka 8006.24 manat əsas kredit borcu, 207.24 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 8213.48 manat məbləğində borcu yaranmışdır. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(034)- 8/2025 sayli qərardadından görünür ki, Cavabdeh mülkiyyətində olan 90 EP-156 qeydiyyat nişanlı «Volswagen Passat» minik markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385.1.«Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Maddə 425.1.«Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Maddə 442 və 448.1. «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Maddə 443.1.«Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Maddə 739.1 və 739.2. «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 381902***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdehə 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2033-cü il tarixdən yuxarı olmamaq şərti ilə 50000 manat məbləğində kredit limiti ayrılmış, əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən cavabdehə 48 ay müddətinə illik 16.5% dərəcəsi ilə (aylıq ödəniş 254.01 manat olmaqla hər ayın 19-dək ödənilmək şərti ilə) 8880 manat məbləğində kredit verilmişdir. Bank üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirsə də, cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, nəticədə onun banka cəmi 8213.48 manat məbləğində borcu yaranmışdır. Cavabdeh bank tərəfindən borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdar olunsa da, bunun heç bir nəticəsi olmamışdır. Hazırda bank cavabdehdən kredit müqaviləsi üzrə ödənilməmiş qalıq borcu tələb edir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 8006.24 manat əsas, 207.24 manat faiz borcu olmaqla, cəmi 8213.48 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 102.14 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 102.14 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 8006.24 manat əsas, 207.24 manat faiz borcu olmaqla, cəmi 8213.48 manat məbləğində borc və ödənilmiş 102.14 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar