Məhkəmə qərarları › İş №e-2(034)-378/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-378/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-378/2022 20.07.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı qarşı «borc tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 1896.89 manat məbləğində kredit borcu, 135.18 manat məbləğində faiz borcu və 285.04 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2317.11 manat məbləğində borcun və 43.17 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017L**********64 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 017R**********S saylı, xx.xx.2020-ci il tarixli 017R**********SA saylı, xx.xx.2020-ci il tarixli 017R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 3103.11 manat ödəmiş, onun 1896.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 144 gün üçün hesablanmış faiz borcu 135.18 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 144 gün üçün hesablanmış cərimə 285.04 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017L**********64 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka 1896.89 manat məbləğində kredit borcu, 135.18 manat məbləğində faiz borcu və 285.04 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2317.11 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 285.04 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 50 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1896.89 manat məbləğində kredit borcu, 135.18 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2082,07 manat məbləğində borc tutularaq iddiaçı "Accessbank” QSC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 43.17 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 43.17 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1896.89 manat məbləğində kredit borcu, 135.18 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2082,07 manat məbləğində borc və ödənilmiş 43.17 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar