Məhkəmə qərarları › İş №e-2(034)-397/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-397/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-397/2022 20.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarlılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarlılması” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 443,70 manat əsas, 274,82 manat faiz, 728,96 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 63,12 manat faiz borcu və iş üzrə ödənilmiş 35,11 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınını nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı "Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh arasında 11 avqust 2014-cü il tarixli 180610 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə 29 iyun 2017-ci il tarixdə 01 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən müqavilənin adında olan “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Kredit xətti kreditə çevrilməklə aşağıdakı restrukturizasiya edilir. Borcların kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 591.43 manat əsas borc, 117.71 manat faiz borcu və 397.48 manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və illik 15% ödənilir. Kredit müqviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətə kredit məbləğini və ona hesablanacaq faizləri, ödəmək barədə öhdəlik götürsədə o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1510.61 manat təşkil edir. Bundan 443.70 manat əsas, 274.82 manat faiz, 728.96 manat cərimə, kredit müqviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 63.12 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərini kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********776 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Əlavə saziş tərtib olunmuş, ondan sonra ödənişlər olmamışdır. Son ödənişlərlə bağlı sənəd isə iş materiallarına əlavə olunmuşdur. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, bankdan pul götürmüşlər. Pulu keçmiş həyat yoldaşı götürmüşdür. Mağazaları vardı, sonra iflas olmuşdur. Özü onkoloji xəstədir, dəfələrlə əməliyyat olunmuşdur. Banka gedib danışmamışlar, danışmaq istəmiş, imtina etmişlər. Özü İİ qrup əlildir. Sonda cavabdeh məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı «Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh arasında 11 avqust 2014-cü il tarixli 180610 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə 29 iyun 2017-ci il tarixdə 01 nömrəli əlavə saziş bağlanmış, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və illik 15% ödənilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 443.70 manat əsas, 274.82 manat faiz borcu, 728.96 manat cərimə, gecikdirilmiş vaxt üçün 5% hesablanan 63.12 manat faiz borcu olmaqla, cəmi 1510.60 manat borcu yaranmışdır. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Cəfərova X2 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, MM-nin 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddiaçının məhkəməyə gec müraciət etməsinin mənfi nəticələrini cavabdeh deyil, iddiaçı daşımalıdır. İddiaçı kredit müqaviləsinin icra müddəti xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhz buna görə də iddiaçının müqavilənin icra müddəti bitdikdən sonra əsas borca hesablanmış 5% faiz borcu olan 63.12 manat cavabdehdən tutulması barədə tələbi təmin edilməməlidir. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 728.96 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 20 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 443,70 manat əsas, 274,82 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 738.52 manat məbləğində borc iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 35.11 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən Cavabdeh Zənglan rayonundan məcburi köçkün olduğuna görə o, dövlət rüsumu ödəməkdən azad oldunmalı, ödənilmiş 35.11 manat dövlət rüsümü iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 443,70 manat əsas, 274,82 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 738.52 (yeddi yüz otuz səkkiz manat, əlli iki qəpik) manat məbləğində borc tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı tətəfindən ödənilmiş 35.11 manat dövlət rüsümü iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar