Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-45/2023 31.01.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 304211-CNS-31635 nömrəli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 8238.69 manat məbləğində əsas borc, 988.97 manat məbləğində faiz borcu, 693.80 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9921.46 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 119.21 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında xx.xx.2022-ci il tarixli 304211-CNS-31635 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi” bağlanılmış və illik 20.9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 8401 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini (Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 11.1.3-cü bəndinə əsasən) lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 9921.46 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, bank ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 304211-CNS 31635 Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi bağlanmış və illik 20.9 faiz hesablanması hər ay 60 ay müddətinə 8401 manat məbləğində kredit ona verilmişdir. Hesabdan çıxarış təqdim etmişlər. Aygün xanım tərəfindən sonuncu ödəniş 16 may 2022-ci ildə 50 manat ödəniş olmuşdur. Bundan sonra heç ödənişlər olmamışdır. Ödəniş cədvəlinə əsasən 226 manat 77 qəpik öhdəlik götürərək kredit verilmişdir. Kredit cədvəlinə əsasən düzgün icra edilməməsinə görə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi daha sonra bildirmişdir ki, kredit 60 aylıq verilmiş və müqavilənin icra müddəti 2027-ci ildə bitəcəkdir. Sonuncu ödəniş 16 may 2022-ci ildə 50 manat olmuş, ödənişlər ödəniş cədvəlinə uyğun olaraq aparılmamışdır. Ödəniş 227 manat qeyd olunsa da, xanım isə 50 manat ödəmiş, gecikmələr çoxdur. Cavabdeh 227 manat ödənişi fevral və mart aylarında etmiş, aprel ayında isə ümumiyyətlə ödəniş etməmişdir. Xanım ödəniş aparan kimi dərhal sistemə düşür. Bu hesabdan çıxarış əlnən yazılan deyil, sistem verir. Qrafikə düşməsi üçün müəyyən güzəştlər olmalıdır. May ayında sonuncu ödəniş 50 manat olmuş, bütöv ödəniş olmamışdır.İndidə növbəti ildir. Ancaq icraada hissə-hissə ödənilməsini xanım bildirə bilər.İnanır ki, bank tərəfindən köməklik edib razılaşacaqlar. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbimin təmin olunmasını və iddia ərizəsində qeyd olunan məbləğ üzrə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o, ödənişini vaxtında ödəmiş, sadəcə may ayında bəzi çətinliyinə görə 50 manat ödəmişdir. Yanvar ayından 227 manat may ayına kimi ödəmişdir. Yanvarda kredit götürmüş, fevral ayında anası onkologiyada əməliyyat olmuşdur. 8400 manat kredit götürmüş, iki dəfə 227 manat ödəmiş, indi ximyalara görə ödəniş etməyə gücü çatmır. Məbləğin azalmasını istəyir ki, onun ödənişə gücü çatsın. Ödənişin qrafikə salınmasını istəyir. Cavabdeh daha sonra bildirmişdir ki, ödəniş qəbzləri, var hal-hazırda üzərində deyildir. O, hər ay 100 manat ödəniş edə bilər. Gücü 100 manata çatır. Anası ayın 9-u ximya olmalıdır, ora yenə pul köçürməlidir. Müqaviləyə qol çəkib götürmüşdür. Faiz çox yüksək olmuşdur, demir ki, ödəmir, 100 manatdan artığına gücü çatmır. Sonda cavabdeh məhkəmədən iddia tələbinin qismən təmin olunmasını, ailə vəziyyətini nəzərə alaraq, hər ay 100 manat ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 304211-CNS- 31635 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”-nə əsasən illik 20.9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 8401 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka 8238.69 manat məbləğində əsas borc, 988.97 manat məbləğində faiz borcu, 693.80 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9921.46 manat məbləğində borcu vardır. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Zəngilan rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası MM-nin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 741-ci maddəsinə əsasən «Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir». Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 693.80 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 50 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8238.69 manat məbləğində əsas borc, 988.97 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9277.66 manat məbləğində borc iddiaçı Bank VTB (Azərbaycan) X3 xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə ərizə verərkən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq 119.21 manat rüsum ödəmişdir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə ki, Cavabdeh Zəngilan rayonundan olan məcburi köçkün olduğundan o, dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki,ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8238.69 manat məbləğində əsas borc, 988.97 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9277.66 manat məbləğində borc tutularaq iddiaçı Bank VTB (Azərbaycan) X4 ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 119.21 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-45/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-45/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver