Məhkəmə qərarları › İş №e-2(034)-520/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-520/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-520/2023 16.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı X5 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “Bank of Baku» Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı "kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 qarşı "kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4823.65 manat məbləğində əsas borcun, 927.85 manat məbləğində faiz borcunun, 447.55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6199.05 manat borcun və 83 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 83 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 83 ay müddətinə illik 25% olmaqla 5000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəlinə” əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.Tərəflər arasında kredit müqavilə 2022-ci ildə bağlanmış, krediti 83 ay müddətinə vermişlər. Müqavilənin icra müddəti isə 2029-cu ildə bitəcəkdir. Əsas borc 4823.65 manat, faiz borcu 927.85 manat, cərimə borcu isə 447.55 manat borcu təşkil edir.Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X3 iddianı qəbul edərək, izahatında bankdan 5000 manat pul götürməsini bildirmişdir. Cavabdeh daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, banknı iddiasını qismən qəbul etməsini, bank tərəfindən hesablanmış cərimə borcu ilə razı olmamasını, bankdan 5000 manat məbləğində kredit götürməsini, sonradan maddi vəziyyəti pis olduğu üçün vaxtında ödəniş edə bilməməsini, nəticədə də bank borcun tutulması ilə bağlı onu məhkəməyə verməsini, borcun ödənilməsindən boyun qaçırmamasını, özünün tək qadın olmasını, himayəsində azyaşlı uşağının olmasını, başqa heç bir yerdən əlavə gəlirinin olmamasını nəzərə alaraq, məhkəmədən ona kömək olunmasını və hesablanmış cərimə borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 83 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan və bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin banka 4823.65 manat məbləğində əsas borcun, 927.85 manat məbləğində faiz borcunun, 447.55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6199.05 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 83 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit vermiş, “Ödəniş cədvəli”nə əsasən cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hazırda cavabdehin banka 4823.65 manat məbləğində əsas borcun, 927.85 manat məbləğində faiz borcunun, 447.55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6199.05 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh borcdan boyun qaçırmamasını və cərimə borcunun azaldılmasını xahiş etmişdir. Tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 447.55 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 50 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 4823.65 manat məbləğində əsas borc, 927.85 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5801,50 manat məbləğində borc tutularaq İddiaçı Açq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 83 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4823.65 manat məbləğində əsas borc, 927.85 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5801,50 manat məbləğində borc, 83 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar