Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-54/2025 28.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 105 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh onun qonşusudur, onu uzun müddətdir ki, tanıyır. Daim normal münasibətləri olmuşdur. O, Cavabdeh güvənərək çox ehtiyacı olduğu üçün qızının toyu ilə bağlı xx.xx.2021-ci il tarixində 2500 manat məbləğində, xx.xx.2022-ci il tarixində isə qızlarının təhsili üçün 6000 manat məbləğində borca pul vermişdir. O, kömək məqsədilə cavabdehə borca pul vermişdir. Cavabdeh yuxarıda qeyd olunan borcları bir neçə ay ərzində bankdan kredit götürərək qaytarmağı öz öhdəsinə götürmüş, bu qədər müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Bununla bağlı o, cavabdehə dəfələrlə müraciət edərək borcun geri qaytarılmasını tələb etsə də, Cavabdeh müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. Bu zamana kimi borc puldan heç bir ödəniş edilməmiş, borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Nəticədə cavabdeh tərəfindən ona ümumilikdə, 8500 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, o, cavabdehin qanunsuz hərəkətlərindən təngə gələrək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona 180 manat məbləğində ödəniş edilməsini nəzərə alıb cavabdehdən 8320 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh ona 2 ay bundan öncə 180 manat ödəniş etmişdir. Cavabdehə xx.xx.2021-ci ildə 2500 manat, xx.xx.2022-ci ildə isə 6000 manat məbəlğində pul vermişdir. Cavabdeh ilk dəfə pulu qızının toyuna, ikinci dəfə isə qızının təhsil haqqına görə götürmüşdür. Cavabdehlə qonşuluqda yaşayırlar deyə bir müddət gözləmiş, amma cavabdehdən heç bir xəbər çıxmamasını görmüşdür. Hər dəfə cavabdehdən pulunu istəyəndə ona bildirmişdir ki, bəs yoldaşına deməsin qaytaracaqdır. Sonra oğlunun əsgərliyə getməsini demiş və oğlu əsgərlikdən qayıtdıqdan sonra pulu qaytaracağını desə də, pulu ödəməmişdir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını və ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçıdan 3000 manat faizlə pul götürmuş, 1000 manat qaytarmış, lakin qaytarması ilə bağlı heç bir sübutu yoxdur. İddiaçıdan cəmi 2800 manat pulu faizə götürmüş, sonra problemləri olduğu üçün pulu iddiaçıya qaytara bilməmişdir. O, birinci dəfə 1000 manat, sonra 1800 manat götürmüşdür. Qəbzləri o, yazıb imza etmişdir. O, 300 manat maaş alır və iddiaçıya hər ay 50 manat ödəniş edə bilər. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən yazılmış və imzalanmış əl yazılarından görünür ki, o, xx.xx.2021-ci il tarixdə toy üçün İddiaçı 2500 manat, xx.xx.2022-ci il tarixdə isə 6000 manat məbləğində borc pul görürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasənöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Eyni Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh qonşudurlar və uzun müddətdir ki, bir-birlərini tanıyırlar. Cavabdeh qızının toyu və təhsili ilə bağlı pula ehtiyacı olduğundan iddiaçıya müraciət etmiş, iddiaçı da öz növbəsində cavabdehə yardım etmək məqsədi ilə cavabdehə güvəndiyindən qaytarmaq şərti ilə xx.xx.2021-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə isə 6000 manat məbləğində borca pul vermiş, cavabdeh iddiaçıdan 2500 manat və 6000 manat məbləğində borc pul almasını öz əl yazısı ilə yazaraq imzalamış, yəni tərəflər arasında sadə yazılı farmada borc müqaviləsi bağlanmışdır. Cavabdeh bankdan kredit götürərək borcu qaytaracağını bildirsə də, sözünə əməl etməmiş və bu günə kimi iddiaçının borcunu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən borcun qaytarlımasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcun qaytarılmasından imtina etdiyindən iddiaçı məcbur olaraq, cavabdehdən borcun tutulması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıdan borc pul götürməsi ilə bağlı qəbzlərin onun tərəfindən yazılaraq imzalanmasını etiraf etmiş, borcdan 180 manat məbləğində iddiaçıya ödəniş edilməsini bildirmiş və iddiaçıdan cəmi 2800 manat məbləğində pulu, bir dəfə 1000 manat və ikinci dəfə 1800 manat faizə götürdüyünü və borcundan 1000 manatını ödədiyini bildirsə də, buna dair heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh problemləri olduğu üçün ödəniş edə bilmədiyini, iddiaçıya yalnız hər ay 50 manat məbləğində ödəniş edə biləcəyini bildirmişdir. Belə olan halda, məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 8320 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 105 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 105 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8320 manat məbləğində pul vəsaiti və 105 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-54/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-54/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver