Məhkəmə qərarları › İş №e-2(034)-57/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-57/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-57/2023 21.02.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 12 aprel 2021-ci il tarixli, RB/SHF-6706 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1558,42 manat, faiz borcuna görə 108,44 manat, dəbbə borcuna görə 288,36 manat, cəmi 1955,22 manat məbləğində pulun və 39,56 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASCnin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçıASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 aprel 2021-ci il tarixli, RB/SHF-6706 saylı kredit müqaviləsinə əsasən illik 25 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 12 aprel 2021-ci il tarixdə İddiaçı ASC-nin Şirvan filialı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 12 aprel 2021-ci il tarixli, RB/SHF-6706 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 12 aprel 2021-ci il tarixli, RB/SHF-6706 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tamvə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 12 aprel 2021-ci il tarixli, RB/SHF- 6706 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hərayın 12-dan gec olmayaraq hər ay 213,49 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında vəlazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 12 aprel 2021-ci il tarixli, RB/SHF-6706saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1558,42 manat, faiz borcuna görə 108,44 manat, dəbbə borcuna görə 288,36 manat, cəmi 1955,22 manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 12 aprel 2021-ci iltarixli, RB/SHF-6706 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1558.42 manat, faiz borcuna görə 108.44 manat, dəbbə borcuna görə 288.36 manat, cəmi 1955.22 manat pul tutulmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışı iclasını onların iştirakı olmadan keçirilməsi, mülki iş üzrə iddia tələblərinin tam təmin edilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək rayonda yaşadığı üçün növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, cərimə pulunun azaldılmaısnı və işə onun iştrakı oldmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçıASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 aprel 2021-ci il tarixli, RB/SHF-6706 saylı kredit müqaviləsinə əsasən illik 25 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 12 aprel 2021-ci il tarixdə İddiaçıASC-nin Şirvan filialı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallaırnda olan maliyyə arayışından görünür ki, cavabdehin banka 1558,42 manat, faiz borcuna görə 108,44 manat, dəbbə borcuna görə 288,36 manat, cəmi 1955,22 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 288.36 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 50 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1558.42 manat əsas, 108.44 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 1716.86 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 39.56 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 39.56 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1558.42 manat əsas, 108.44 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 1716.86 manat məbləğində borc və 39.56 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar