Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-593/2025 15.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş 3.563 manat borcun, 2.000 əldən çıxmış faydanın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 76 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.639 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bacısının uşağı Melissanın idman müəllimi kimi tanımışdır. Cavabdeh onun turizm işi ilə məşğul olduğunu bilmişdir. Cavabdeh 2024-cü ilin noyabr ayında ona müraciət edərək hazırlaşdırdığı tələbələri Türkiyə Respublikasının Ankara şəhərinə aparacağını və həmin tələbələrin adına bilet yazılmasını ondan xahiş etmişdir. Belə ki, 2024-cü ilin noyabr ayında Cavabdeh müraciəti əsasında 12 nəfər tələbənin adına 03 dekabr 2024-cü il tarixə Bakı-Ankara təyyarə reysi ilə gediş, 06 dekabr 2024-cü il tarixə Ankara-Bakı reysi ilə dönüş biletləri yazılmışdır. Həmin biletlərin ümumi qiymətindən Cavabdeh ona 6063 manat borcu qalmışdır. Cavabdeh həmin məbləği Ankara şəhərindən qayıtdıqdan sonra qısa müddətdə, yəni 15 dekabr 2024-cü il tarixdə ödəyəcəyinə söz vermişdir. Lakin, həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh müxtəlif bəhanələr irəli sürərək qeyd olunan məbləği ödəməkdən yayınmışdır. 2024-cü ilin dekabr ayından 2025-ci ilin avqust ayına qədər olan müddət ərzində çətinliklə olsa da, Cavabdeh tərəfindən həmin biletlərə görə ona 1.500 manat və 1.000 manat olmaqla, cəmi 2.500 manat ödəniş olunmuş, lakin 3.563 manat məbləğində pul bugünə kimi ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən adlarına bilet yazılan tələblərin şəxsiyyət vəsiqələrinin ona göndərilməsi, pulun ödənilməsinin ondan dəfələrlə tələb olunması, onun tərəfindən müxtəlif bəhanələrin gətirilməsi, ödənişin olunmaması nəticəsində digər müştərilər qarşısında çətin vəziyyətə düşməsi və həmin müştərilərin əldən çıxması Cavabdehla WhatsApp tətbiqi vasitəsilə aparılmış və hazırkı iddia ərizəsinə əlavə edilmiş bir ədəd diskdə olan səsli mesajlar və mətn mesajları ilə tam təsdiq olunur. Cavabdeh tərəfindən 6063 manat məbləğində öhdəlik vaxtında yerinə yetirilməmiş, yalnız hissə-hissə ödəniş edilmişdir. Qalan 3563 manat isə uzun müddətdir ki, ödənilməmiş qalır. Bu səbəbdən onun hesabında dövriyyə vəsaitlərinin çatışmazlığı yaranmışdır. Bu çatışmazlıq nəticəsində o, digər müştərilərin sifarişlərini vaxtında yerinə yetirə bilməmiş, çünki cavabdeh tərəfindən ödənilməli olan vəsait hesabında olmadığından yeni bilet sifarişlərinin rəsmiləşdirilməsi mümkün olmamış, nəticədə bir neçə müştəri başqa şirkətlərə müraciət etmiş, bu isə onu gəlirinin azalmasına səbəb olmuşdur. Beləliklə, o, yalnız borcun özünü deyil, həm də həmin borcun vaxtında ödənilməməsi nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. Turizm və avia-bilet xidmətləri bazarında onun orta gəlir marjası hər müştəri üzrə müəyyən faiz təşkil edir. Cavabdeh tərəfindən vaxtında ödənilməyən 3563 manat onun bu məbləği dövriyyəyə buraxmasını, yeni satışlardan gəlir götürməsini qeyri-mümkün etmişdir. Turizm sahəsində və avia-bilet satışında xidmət haqqı adətən 5–10% arasında dəyişir. Məsələn, 3563 manat dövriyyədə olsaydı, o, bu məbləği yeni biletlərə yönəldərək və hər satışdan 5-10% mənfəət götürə bilərdi. Orta 7% gəlir norması götürək (fəaliyyət sahəsinə uyğun, konservativ yanaşma) 8 ay ərzində bu vəsait hər ay 1 dəfə dövriyyəyə girəcəkdisə (təkrar istifadə olunacaqdısa), əldən çıxmış fayda 2.000 manat təşkil etmiş olduğunu müəyyən etmiş olur. Odur ki, cavabdehin öhdəliyini vaxtında yerinə yetirməməsi nəticəsində o, yalnız 3563 manat məbləğində faktiki borcdan deyil, həm də həmin vəsaitin dövriyyədən kənarda qalması səbəbindən təxminən 2000 manat əldən çıxmış faydadan məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, onun turizm şirkəti var. Müşfiq onun turizm ilə məşğul olmasını bilmiş, 2024cü ilin noyabr ayında ona müraciət edərək hazırlaşdırdığı tələbələri Türkiyə Respublikasının Ankara şəhərinə aparacağını və həmin tələbələrin adına bilet yazılmasını istəmiş, o, da 12 nəfərin adına 6062 manatlıq bilet vermişdir. Cavabdeh 2024-cü ilin dekabr ayından 2025-ci ilin avqust ayına qədər puldan 2500 manat qaytarmışdır. Cavabdehin 3.563 manat ona borcu qalmışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Cavabdehlə onun arasında müqavilə olmamışdır. Cavabdeh özünün idman məktəbində idman növü olan taykvando üzrə tələbələr hazırlaşdırdığını və həmin 12 nəfər tələbəni Ankara şəhərinə idman yarışına aparmaq üçün ondan aviabiletlə aldığını bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşıdırdıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarından iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə ümumi məhkəməyə deyil, məhz kommersiya məhkəməsinə müraciət etməlidir. Belə ki, «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli qərarının 11-12-ci bəndlərində qeyd edilmişdir ki, MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn, verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırki mübahisə üzrə tərəflərin hüquq münasibətləri həm İddiaçı (aviabiletlərin satılması) sahibkarlıq fəaliyyətinin və Cavabdeh (12 nəfər tələbəni Ankara şəhərinə taekvando üzrə idman yarışına aparması ) fərdi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia tələbi ümumi məhkəmələr tərəfindən baxılması mümkün olmadığından baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verlilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-593/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-593/2025
15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver