Məhkəmə qərarları › İş №e-2(035)-112/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-112/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-112/2025 17.03.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 17 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 5435.05 manat, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumuna görə 15 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh əmək müqaviləsi ilə İddiaçı MMC-də satıcıkassir vəzifəsinə qəbul olunmuş, xx.xx.2022-ci il tarixdən isə administrator vəzifəsinə keçirilmiş və buna əsasən tərəflər arasında “tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. Lakin Cavabdeh İddiaçı MMC-nin NZS-1 mağazasında administrator işlədiyi müddət ərzində iddiaçıya 5726.62 manat maddi ziyan vurmuşdur. Müvafiq güzəştlər tədbiq edildikdən sonra ümumi olaraq cavabdehin 5435.05 borcu qalmışdır. Həmin məbləğin könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, ödəniş təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddiaya etiraz: Cavabdeh məhkəməyə etiraz və iddia müddətinin tədbiqi ilə bağlı ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı MMC ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək maddi ziyana görə 5435.05 manat pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, guya onun tərəfindən İddiaçı MMC-nin NZS-1 mağazasında administrator işlədiyi müddət ərzində iddiaçıya 5435.05 manat məbləğində maddi ziyan vurulmuşdur. İddiaçının iddia ərizəsindəndə göründüyü kimi təhvil-təslim sayımı xx.xx.2023 tarixində baş tutub və 1 aya yaxın müddət ərzində şirkətin daxili prosedur qaydalarına uyğun olaraq yekun nəticəni gözləmişdir. xx.xx.2023-cü il tarixində isə vəzifə səlahiyyətlərində pozuntu halları aşkarlanmadığına görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə istinadən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunduğu kimi, 1 ay araşdırma müddəti ərzində maddi ziyanın vurulması faktı aşkarlansaydı OBA MARKET MMC əsaslı olaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin digər maddələri ilə xitam verərdi. Bundan əlavə olaraq bildirir ki, iddiaçı OBA MARKET MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5. bəndinin tələbini ciddi şəkildə pozmuş və iddia müddətindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, barəsində maddi ziyanın tələbinə dair məhkəməyə müraciət etmişdir. İddiaçının hazırda ondan 5435.05 manat tələb etməsinin heç bir əsası yoxdur və qərəzli xarakter daşıyır. Odur ki, hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək izahatında bildirmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi ilə İddiaçı MMC-ə satıcı-kassir vəzifəsinə işə qəbul olmuşdur. xx.xx.2022-ci il tarixdən isə administrator vəzifəsinə keçirilmişdir və buna əsasən tərəflər arasında “tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. Lakin Cavabdeh İddiaçı MMC-nin NZS-1 mağazasında administrator işlədiyi müddət ərzində iddiaçıya 5726.62 manat maddi ziyan vurmuşdur. Müvafiq güzəştlər tədbiq edildikdən sonra ümumi olaraq cavabdehin 5435.05 borcu qalmışdır. Həmin məbləğin könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, ödəniş təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək etiraz ərizəsinə uyğun izahat verərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən o, İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixdən isə administrator vəzifəsinə keçirilmişdir. Buna əsasən tərəflər arasında “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. İddiaçı hesab edir ki, guya onun tərəfindən xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək İddiaçı MMC-nin NZS-1 mağazasında administrator işlədiyi müddət ərzində iddiaçıya 5435.05 manat məbləğində maddi ziyan vurmuşdur. İddia ərizəsindəndə göründüyü kimi təhvil-təslim sayımı xx.xx.2023 tarixində baş tutub və 1 aya yaxın müddət ərzində şirkətin daxili prosedur qaydalarına uyğun olaraq yekun nəticəni gözləmişdir. xx.xx.2023-cü il tarixində isə vəzifə səlahiyyətlərində pozuntu halları aşkarlanmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə istinadən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının təqdim etdiyi sənətlərin hüquqi əsası yoxdur.Belə ki,iddiaçı sənətləri özü tərtib etmiş və iddiasına audit rəyini əlavə etməmişdir. Eyni zamanda bildirir ki,iddiaçı OBA MARKET MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinin tələbini ciddi şəkildə pozmuş və iddia müddətindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, barəsində maddi ziyanın tələbinə dair məhkəməyə müraciət etmişdir. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İddiaçının hazırda ondan 5435.60 manat tələb etməsinin heç bir əsası yoxdur və qərəzli xarakter daşıyır. Odur ki, hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan 544 saylı əmrdən cıxarışdan müəyyən olunur ki, Cavabdeh Oba Market” MMC-nin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan 612 saylı əmrdən cıxarışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən Oba Market” MMC-nin Satış Departamentinin Satış şöbəsinə administrator vəzifəsinə keçirilmişdir İşdə olan xx.xx.2023-cü il tarixli 76x saylı əmrdən cıxarışdan müəyyən olunur ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşdə olan 13 mart 2023-cü il tarixli 517 saylı əmrdən müəyyən olunur ki,Cavabdeh öhdəsində olan maddi ehtiyyatların faktiki vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlamasını aparmaq məqsədilə işçi qrupu yaradılmışdır. İşdə olan 13 mart 2023-cü il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktdan müəyyən olunur ki, ümumilikdə mağazada 5726.62 manat əskik gəlmə mövcuddur. İşdə olan İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq 5726.62 AZN çatışmamazlıq müəyyən edilmişdir. Müvafiq güzəştlər tədbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrlə görə ümumi olaraq 5435.05 AZN olmuşdur. İşdə olan xəbərdarlığın surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. İşdə olan İddiaçı MMC-nin idarə heyətinin sədri Natəvan İbrahimova tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli № HŞ 0005 saylı etibarnamədən müəyyən olunur ki, Nümayəndə İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsidir. İşdə olan mediator V.Əsgərova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/20-2024- 00502 nömrəli “ilkin mediasiya sesiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı MMC mübahisənin məhkəmədən kənar mediasiya qaydasında həll edilməsi üçün müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 15 manat ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Əmək Məcəlləsi 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

11. “e” maddəsinə əsasən İşəgötürən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququ vardır 191.1-ci maddəsinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.1-ci maddəsinə əsasən Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192.2-ci maddəsinə əsasən Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199.1-ci maddəsinə əsasən İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. 296.5-ci maddəsinə əsasən İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296.6-cı maddəsinə əsasən Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 297.7-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

Məhkəmənin mövqeyi:

Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə təyin olunmuş xx.xx.2022-ci il tarixdən isə administrator vəzifəsinə keçirilmişdir. Tərəflər arasında bağlanan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə ƏM-nin 68.2 “a” maddəsinə əsasən xitam verilmişdir.Hazırda iddiaçı cavabdehdən ona dəymiş maddi ziyana görə pul tələb edir.Lakin məhkəmə hesab edir ki, iddiaçı əmək münasibətlərindən irəli gələn ziyanla bağlı iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə iddiaçının müddətin tədbiqinə dair ərizəsini nəzərə alaraq hesab edir ki,ərizə əsaslıdır və nəzərə alınmalıdır. Belə ki, iddiaçının iddiasının əsasını təşkil edən Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Məhkəmə hesab edir ki,ƏM-nin 296.5-ci maddəsinə əsasən işçinin vurduğu maddi ziyan tələbinə görə iddia müddətinin başlanğıcı inventarizasiya aktının tərtib olunduğu gündən hesablanmalı və bir illik iddia müddəti tədbiq olunmalıdır. İddiaçının iddiası isə məhkəmənin icratına xx.xx.2024-cü il tarixdə daxil olduğundan məhkəmə hesab edir ki,müəyyən olunmuş prosessual müddət ötürülmüşdür. İddiaçının mediasiya sessiyasında iştirak etməsi və bu hissədə iddia müddəti axımına münasibətdə isə məhkəmə bildirir ki,iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə mübahisənin məhkəmədən kənar həlli üçün təklif ünvanlasada lakin mediasiya sessiyasının başlaması üçün Mediasiya Şurasına 9 ay 18 gün sonra ərizə ilə müraciət etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Buna əsasəndə məhkəmə mediasiya sessiyasının iddiaçı tərəfindən əsassız olaraq uzadılmasını müəyyən edir. Eyni zamanda məhkəmə qeyd edir ki,iddiaçı buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməmiş və buraxılmış prosessual müddətin bərpasını məhkəmədən xahiş etməmişdir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarında izah olunmuşdur ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. İddia müddətlərinin tətbiq olunması üzrə formalaşmış təcrübə təməl olaraq ona əsaslanır ki, iddia müddətlərinin tətbiq edilməsi (istər iddia müddəti keçdiyinə görə iddianın rədd olunmasını tələb etmək, istərsə də buraxılmış iddia müddətinin bərpa olunmasını tələb etmək) barədə ərizənin verilməsi yalnız tərəflərin iradəsinə bağlıdır. Həmçinin iddia müddətinin buraxılması, nəticə etibarilə hüquq münasibətinin subyektlərindən biri üçün hüquqi nəticə törədəcəyi nəzərə alınmaqla, işə baxan məhkəmə bununla bağlı tərəflərdən hər hansı birinə müvafiq olaraq müddətin keçməsini xatırlatmağa, müddətin tətbiq olunması və ya müddətin bərpa olunması barədə ərizə verilməsini təklif etməyə haqlı deyildir. Beləliklə, məhkəmə yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı iddia vermək üçün müəyyən olunmuş prosessual müddəti ötürməklə iddia vermiş və iddiasına prosessual müddətin bərpasına dair ərizə və sübutlar əlavə etməmişdir.Buna əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar