Məhkəmə qərarları › İş №e-2(035)-141/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-141/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-141/2024 19.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X2 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 19 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli, 831/SM-20 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1800 manat, faiz borcuna görə 1153.26 manat, cəmi 2953.26 manat və ödənilmiş dövlət rüsumuna görə 49.60 manat pulun, tutularaq "xxxx" BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 831/SM-20 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 48 faizlə, 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya əsas borca görə 1800 manat, faiz borcuna görə 1153.26 manat, cəmi 2953.26 manat məbləğində borcu yaranmışdır. Ona görə də iddiaçı Cavabdeh əsas borca görə 1800 manat, faiz borcuna görə 1153.26 manat, cəmi 2953.26 manat məbləğində borcun, həmçinin ödənilmiş 49.60 manat dövlət rüsumunun Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı mülahizə və ya etirazını məhkəməyə göndərməmişdir. İddiaçıda məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci, 185,6-ci maddəsinə əsasən işə iddiacının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: iş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 831/SM-20 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 48 faizlə, 24 ay müddətinə 2000 manat məbləğindək kredit vermişdir İş materiallarında olan «Brand Credit” BOKT MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh borcu xx.xx.2020-ci il tarixli, 831/SM-20 saylı kredit müqaviləsi üzrə "xxxx" BOKT MMC-yə əsas borca görə 1800 manat, faiz borcuna görə 1153.26 manat, cəmi 2953.26 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbir görüləcəyi bildirilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 49.60 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh iş üzrə faiz həddindən artıq hesablandığı üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-9/3565/2024 saylı rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli, 831/SM-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" BOKT MMC- yə olan borcu 3540.16 manat məbləğində müəyyən edilir, o cümlədən banka əsas borc üzrə 18000 manat, faiz borcu 1740.16 manat, cəmi 3540.16 manat borcu olması müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 831/SM-20 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 48 faizlə, 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlıvaxtında aparmamış bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya əsas borca görə 1800 manat, faiz borcuna görə 1153.26 manat, cəmi 2953.26 manat məbləğində borcu yaranmışdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək tələb olunan məbləğ üzrə faiz borcunun artıq hesablandığını göstərərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/3565/2024 saylı ekspertiza rəyinə əsasən əsas borc üzrə 1800 manat, faiz borcu 1740.16 manat, cəmi 3540.16 manat borcu olması müəyyən edilmişdir. Bank müqavilələrin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq tərəflər arasında bağlanmış kredit müqaviləsini, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini, iddiaçının ailə vəziyyətini, maddi durumunu nəzərə alaraq, işdə olan digər sənədlərə məcmu halında qiymət verərək, hesab edir ki, ekspert rəyində faiz borcu artılaraq 1740.16 manat göstərilsədə, məhkəmə iddia tələbindən kənara çıxmamaqla iddiaçının iddia tələbində göstərilən borc məbləğinin təmin edilməsini məqsədə müvafiq hesab edir. Odur ki, iddia təmin edilməli və cavabdehdən əsas borca görə 1800 manat, faiz borcuna görə 1153.26 manat, cəmi 2953.26 manat tutularaq "xxxx" BOKT MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən və ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə ödədiyi dövlət rüsumu 49.30 manat, iş üzrə keçrilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 49.60 manat pul cavabdehdən tutularaq iddiaçıya, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 1800 manat, faiz borcuna görə 1153.26 manat və ödənilmiş dövlət rüsumuna görə 49.60 manat, cəmi 3002.86 manat pul tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab-Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar