Məhkəmə qərarları › İş №e-2(035)-254/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-254/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-254/2024 16.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 16 aprel 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 2411.91 manat, faiz borcuna görə 26.99 manat, cəmi 2438.9 manat və dövlət rüsumuna görə 44.39 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK5309972A151 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 21 faiz dərəcəsi ilə, 24 ay müddətinə 4738.62 manat məbləğində kredit verilmişdir. Həmin kreditin ödənilməsinin təminatı kimi digər Cavabdeh2 oğla ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi Cavabdeh1 öhdəliyi icra etmədiyi tədqirdə bank qarşısında onunla birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya əsas borca görə 2411.91 manat, faiz borcuna görə 26.99 manat, cəmi 2438.9 manat məbləğində borcu yaranmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh2 və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini, məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK5309972A151 saylı kredit müqaviləsinə əsasən ona illik 21 faiz dərəcəsi ilə, 24 ay müddətinə 4738.62 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçı tərəfindən tələb olunan məbləği ödəmək imkanı yoxdur. İmkanı olan kimi iddiaçıya olan borcunu ödəyəcəkdir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK5309972A151 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 21 % ödəmək şərti ilə, 24 ay müddətinə 4738.62 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC-nin Biləsuvar rayon filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z-RGTK5309972A151 saylı zaminlik müqaviləsindən görünür ki, o, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, RGTK5309972A151 saylı kredit müqaviləsi üzrə Bank qarşısındakı öhdəliyinin icrasına görə zamin durmuş və onunla birlikdə Bank qarşısındakı birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli, RGTK5309972A151 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2411.91 manat, faiz borcuna görə 26.99 manat, cəmi 2438.9 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbir görüləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 44.39 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında araşdırılan iddia ərizəsindən və işin digər materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK5309972A151 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 21 faiz dərəcəsi ilə, 24 ay müddətinə 4738.62 manat məbləğində kredit verilmişdir. Həmin kreditin ödənilməsinin təminatı kimi digər Cavabdeh2 oğla ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin kimi Cavabdeh1 öhdəliyi icra etmədiyi tədqirdə bank qarşısında onunla birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdehlər üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehlərin banka əsas borca görə 2411.91 manat, faiz borcuna görə 26.99 manat, cəmi 2438.9 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia əsaslı və qanunidir. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 44.39 manat pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 2411.91 manat, faiz borcuna görə 26.99 manat və ödənilmiş dövlət rüsumuna görə 44.39 manat, cəmi 2483.29 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar