Məhkəmə qərarları › İş №e-2(035)-389/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-389/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-389/2024 01.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı BOKT İddiaçın cavabdeh X3 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı BOKT “X7” MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə 01 iyul 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “X7” MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, L-BK-004834-F saylı müqaviləyə əsasən cavabdehdən əsas borca görə 7802.55 manat, faiz borcuna görə 3058.60 manat, cərimə borcuna görə 49.20 manat, əldən çıxmış faydaya görə 598.20 manat, cəmi 11508.55 manat və dövlət rüsumuna görə 125 manat pulun tutularaq BOKT “X7” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT “X7” MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-004834-F saylı kredit müqaviləsinə əsasən iddiaçıya 18 ay müddətinə, illik faiz dərəcəsi 36 faizədək olmaq şərtilə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya əsas borca görə 7802.55 manat, faiz borcuna görə 3058.60 manat, cərimə borcuna görə 49.20 manat, əldən çıxmış faydaya görə 598.20 manat, cəmi 11508.55 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişdir. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini, məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan BOKT “X7” MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L- BK-004834-F saylı kredit müqaviləsində görünür ki, iddiaçı cavabdehə illik 36 % ödəmək şərti ilə, 18 ay müddətinə 10000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan BOKT “X7” MMC-nin maliyyə arayışından görünür ki, cavabdeh X2 iddiaçıya xx.xx.2019-cu il tarixli, L-BK-004834-F saylı kredit müqaviləsi üzrə əsas borca görə 7802.55 manat, faiz borcuna görə 3058.60 manat, cərimə borcuna görə 49.20 manat, əldən çıxmış faydaya görə 598.20 manat, cəmi 11508.55 manat borcu vardır. İşdə olan birinci xəbərdarlıq məktubunun surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbir görüləcəyi bildirilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 125 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 448.1-ci maddəsinə görə Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki,subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında araşdırılan iddia ərizəsindən və işin digər materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-004834-F saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 36 faiz dərəcəsi ilə, 18 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya əsas borca görə 7802.55 manat, faiz borcuna görə 3058.60 manat, cərimə borcuna görə 49.20 manat, əldən çıxmış faydaya görə 598.20 manat, cəmi 11508.55 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 598.20 manat pul tələbinə dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə qanuni deyildir.Belə ki,məhkəmə hesab edir ki,iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 6.7-ci maddəsində kredit müqaviləsi üzrə öhdəliyin icra olunmamasına görə iddiaçının vurulmuş zərəri (əldən çıxmış faydanı) tələb etmək hüququ olsada lakin iddiaçı ona dəymiş və iddia tələbində qeyd etmiş olduğu 598.20 manat əldən çıxmış faydanın hansı şəraitdə və necə yarandığını, həmin zərərin hansı hallar nəzərə alınmaqla hesablandığını məhkəmə qaydasında əsaslandıra bilməmişdir.Eyni zamanda iddiaçı məhkəmə iclaslarında iştirak etmədiyindən əldən çıxmış faydanın hansı əsaslarla hesablanması ilə bağlı məhkəməyə sübutlar və hüquqi arqumentlərini təqdim etməmişdir.Məhkəmə hesab edir ki,əldən çıxmış gəlirlərlə bağlı tələb irəli sürülən zaman, bu tələblər qəti olaraq təsbit edilməli və sadəcə fərziyyə və ya ehtimala əsaslanmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, (affirmanti, non neganti incumbit probation) sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 125 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 əsas borca görə 7802.55 manat, faiz borcuna görə 3058.60 manat, cərimə borcuna görə 49.20 manat və ödənilmiş dövlət rüsumuna görə 125 manat, cəmi 11035.35 manat məbləğində pul tutularaq BOKT İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar