Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № e-2(035)-600/2025 29.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8292,91 manat əsas, 929,53 manat faiz, 286 manat cərimə olmaqla, cəmi 9508,44 manat borcun və 115,49 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki iş üzrə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz buna görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində isə göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır Həmin Qərarın 15-ci bəndində məhkəmələrə izah edilmişdir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. İddia ərizəsi və əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə Əsas Kredit müqaviləsi bağlanılmışdır. Müvafiq müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, bu Müqavilə və bu Müqavilə çərçivəsində əlavə kredit müqavilələri ilə kreditlər sahibkarlıq fəaliyyəti ilə bağlı verilir və kreditin məbləği, müddəti, illik faizi, kreditin ödənişləri və.s şərtləri bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri ilə tənzimlənir. xx.xx.2023-cü il tarixli, 485micMNG/23 nömrəli Əlavə Kredit Müqaviləsindən məlum olur ki, iddiaçı bank tərəfindən cavabdehə 36 ay müddətinə, illlik 22 faiz ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Əlavə Kredit Müqaviləsinin 1.4-cü bəndində kreditin məqsədli təyinatı dövriyyə vəsaitinin alınması və cari xərclər olaraq göstərilmiş və həmin müqavilə hər iki tərəfin VÖEN-ləri qeyd olunmaqla, hüquqi şəxs olan iddiaçı bank və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh4 tərəfindən imzalanmışdır . Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh4 (VÖEN **********) vergi uçotuna alınmış fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, iddiaçı "xxxx" ASC isə vergi ödəyicisi kimi qeydiyyatda olan hüquqi şəxsdir (VÖEN **********). Göründüyü kimi, hazırki mübahisə üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kommersiya hüquqi şəxsi olmaqla, cavabdehlərdən Cavabdeh4 isə hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Cavabdehə verilmiş kreditin məqsədli təyinatında isə kreditin istehlak krediti olması deyil, dövriyyə vəsaitinin alınması və cari xərclər ilə bağlı verildiyi qeyd edilmiş, həmçinin əsas kredit müqaviləsində kreditin sahibkarlıq fəaliyyəti ilə bağlı verildiyi göstərilmişdir. İş materiallarından da məlum olduğu kimi tərəflər arasında yaranmış münasibətlər iqtisadi xarakterli olduğu üçün onların aralarında yaranmış mübahisə də, nəticə etibarilə kommersiya mübahisəsidir. Belə ki, xx.xx.2023-cü il tarixli Əsas kredit müqaviləsi və onun əsasında xx.xx.2023-cü il tarixdə bağlanmış, 485micMNG/23 nömrəli Əlavə Kredit müqaviləsi üzrə tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mövcud mübahisənin yaranmasına əsas olan xx.xx.2023-cü il tarixli Əsas kredit müqaviləsi və onun əsasında xx.xx.2023-cü il tarixdə bağlanmış, 485micMNG/23 nömrəli Əlavə Kredit müqaviləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğuna görə, həmin münasibətlərdən yaranan mübahisə kommersiya mübahisəsi hesab olunur və hazırki işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Şəki Kommersiya Məhkəməsində baxılmalı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Cavid Abbasov
Məhkəmə qərarları › İş №e-2(035)-600/2025
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №e-2(035)-600/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver