Məhkəmə qərarları › İş №e-2(035)-634/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-634/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-634/2025 28.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi”nə dair mülki iş üzrə Açar sözlər:(Pul tələbi) X6 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 28 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh xx.xx.2022-ci il tarixli, CL-EE000211710 nömrəli kredit müqaviləsinə əsasən 8671.03 manat əsas borcun, 86.3 manat faiz borcunun, 107.58 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki,"xxxx" ASC ilə X4 arasında bağlanan xx.xx.2022-ci il tarixli CL-EE000211710 nömrəli kredit müqaviləsinə əsasən Şəhla Allahverdiyevaya elektron təsdiq vasitəsilə illik 19.9 %-lə, 60 ay müddətinə 13200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcların bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə edilən məlumata əsasən, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 mirası qəbul etmiş varisi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən varisə varislik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş xx.xx.2022-ci il tarixli, CL-EE000211710 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 8671.03 manat əsas, öldüyü tarixə qədərki faiz borcu isə 86.3 manat məbləğində kredit borcu qalmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, X4 onun həyat yoldaşıdır və o xx.xx.2024-cü il tarixdə xəstəlik səbəbi ilə dünyasını dəyişmişdir. Həyat yoldaşının banka borcu olmasından məlumatlıdır. Həyat yoldaşı dünyasını dəyişdiyindən və həyat yoldaşından ona heç bir miras əmlakı miras qalmadığından iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan "xxxx" ASC ilə X4 arasında bağlanan xx.xx.2022-ci il tarixli CL-EE000211710 nömrəli kredit müqaviləsinə əsasən Şəhla Allahverdiyevaya elektron təsdiq vasitəsilə illik 19.9 %-lə, 60 ay müddətinə 13200 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, cavabdeh X2 xx.xx.2022-ci il tarixli CL-EE000211710 nömrəli kredit müqaviləsinə ümumilikdə 8757.33 manat borcu vardır. İşdə olan Xəzər Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında Şəadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü ildə vəfat etmişdir. İşdə olan Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən müəyyən olunur ki, cavabdeh Həsənov X1 Şəhla Əlif qızının vərəsəsidir və o miras əmlakda tam hissədə pay sahibidir İşdə olan bildirişin surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbir görüləcəyi bildirilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 107.58 manat, bank xidmətinə görə 0,40 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmasını müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin yaranması, əsaslı surətdə və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin, yeni borclunun kreditor qarşısında olan öhdəliyi ilə müqavilənin əmələ gəlməsini müəyyən edir. 389.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya məhv edilməsi haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmetini hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əvəz olaraq peşəkar qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151.1-ci maddəsinə görə Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1306.1-ci maddəsinə görə Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.5-ci maddəsinə görə Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında araşdırılan iddia ərizəsindən və işin digər materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli CL-EE000211710 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin mərhum həyat yoldaşı Şəhla Allahverdiyevaya elektron təsdiq vasitəsilə illik 19.9 %-lə, 60 ay müddətinə 13200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir.İşin hallarından müəyyən olunur ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 13 yanvar 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən müəyyən olunur ki, cavabdeh Həsənov X1 Şəhla Əlif qızının vərəsəsidir və buna əsasən 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssəsi tərəfindən mərhum X3 ödəniləcək aylıq əmək haqqının üç misli 3000 (üç min) manat məbləğindən ibarətdir. Eyni zamanda məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs o cümlədən məhkəmə bu vəzifədən azad edə bilməz. Lakin hazır ki, iş üzrə MM-nin 1306.5-ci maddəsi imperativ normadan çıxış edərək bildirir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Qanunvericiliyin tələbi onu deməyə əsas verir ki, hazır ki, işdə sübut etmə yükü cavabdehin üzərindədir. Belə ki, iş materiallarında mirasın siyahıya alınmasına dair hər hansısa akt və ya digər hüquqi əhəmiyyət kəsb edən sənəd olmadığından məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, CL-EE000211710 nömrəli kredit müqaviləsinə əsasən əsas borca görə 8671.03 manat, faiz borcuna görə 86.3 manat və ödənilmiş dövlət rüsumuna görə 107.58 manat, bank xidmətinə görə 0,40 manat, cəmi 8865.31 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar