Məhkəmə qərarları › İş №e-2(035)-704/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-704/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-704/2025 25.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Xnin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (kredit borcunun tutulması tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədova Nəzrin Xasay qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, 014A********** saylı müqavilə üzrə 27777,2 manat məbləğində kredit borcu, 2496,12 manat faiz borcu və 575,55 manat cərimə borcu olmaqla cəmi 30848,87 manat pul vəsaitinin, xx.xx.2024-cü il tarixli, 15E**********40 saylı kart kredit müqaviləsi üzrə isə 1999.46 manat məbləğində kredit borcu, 187.89 manat faiz borcu olmaqla cəmi 2187.35 manat pul vəsaitinin və iş üzrə ödənilmiş 189.11 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixdə bağladığı ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 29000 (iyirmi doqquz min manat) məbləğində kredit götürmüşdür. O, xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1222,8 manat ödəniş etmiş və onun iddiaçıya 27777,2 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 148 gün üçün hesablanmış faiz borcu 2496.12 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 148 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 575.55 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa Cavabdeh AccessBank» QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 15E**********40 kart kredit müqaviləsi əsasında cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 2000 (iki min) manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh əsas borcu üzrə 1999.46 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə müvafiq olaraq, xx.xx.2025-ci il tarixə 65 gün üçün hesablanmış faiz borcu 187.89 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. İş üzrə vəsatətlər, ərizələr və etirazlar: Cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. İddiaçı QSC verilmiş vəsatətə etiraz edərək vəsatətin əsassız olduğunu bildirərək təmin olunmamasını və mülki işə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı bankdan həm kredit, həm də kart kredit müqavilələrinə əsasən müvafiq məbləğlərdə kredit götürmüşdür. Kredit borcundan iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra da ödənişlər etmişdir, lakin nə iddia ərizəsində, nə də ki, eskpert rəyində ödənişlər nəzərə alınmamışdır. Buna görə də, məhkəmədən son ödənişlərin nəzərə alınmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan “Bank Xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümumi şərtlərindən görünür ki, müqavilə bağlandığı andan ümümi şərtlər və tariflər, o cümlədən onlara əlavə və dəyişiklər müqavilənin tərkib hissəsinə çevrilir. Müqavilənin bağlanması tərəflər üçün hər hansı bir məhdudiyyət tətbiq edilmədən ümumi şərtlərin tariflərin və valyuta məzənnəsinin tam və qeyd-şərtsiz qəbul edildiyi anlamına gəlir. Ayrıayrı bank xidmətlərini almaq üçün müştəri müvafiq ərizəni banka təqdim etməlidir. Müştərinin bank xidmətlərindən istifadə hüququ ərizənin akseptini aldığı andan, yəni müqavilənin bağlandığı andan yaranır. Müştəri ərizəni kağız daşıyıcıda bankda şəxsən imzalamaqla banka təqdim edə bilər. Ərizənin bankın səlahiyyətli nümayəndəsinin imzası, bankın möhürü ilə təsdiqlənməsi və müştəriyə təqdim edilməsi bankın aksepti hesab edilir. Müqavilə ilə nəzərdə tutulmayan bank xidmətlərinin göstərilməsi bank və müştəri arasında bağlanmış müvafiq ayrıca müqavilələrlə tənzimlənir. Müqavilə bankla müştəri arasında qüvvədə olan müqavilələrin şərtlərini dəyişdirmir və onlara təsir etmir. Müştərinin göstərilən xidmətlərə görə banka ödənilməli olan xidmət haqqının məbləği və ödəniş şərtləri bankın internet şəhifəsində yerləşdirilən tariflərə əsasən müəyyən edilir. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. İş materiallarında olan Cavabdeh İddiaçı QSC-yə ünvanladığı Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” ilə tanış olmasını təsdiq edən ərizəsindən görünür ki, tərəflər arasında xx.xx.2024cü il tarixli, 014A********** saylı kredit müqaviləsi bağlanmış və bank borcalana 48 ay müddətinə, aylıq 1.5833 % dərəcəsi ilə, aylıq ödəniş 871 manat olmaqla, 29000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 014A********** saylı kredit razılaşması üzrə Cavabdeh xx.xx.2025-ci il tarixə 27777,2 manat əsas borcu, 2496,12 manat faiz borcu, 575,55 manat cərimə borcu olmaqla, ümumi borcu 30848,87 manat təşkil edir. İş materiallarında olan 10 oktyabr 2024-cü il tarixli, 15E**********0 nömrəli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” müqavilədən və Cavabdeh İddiaçı QSC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə, 2000 manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC xx.xx.2024-cü il tarixli, 5E**********0 saylı Visa OK Credit Card üzrə xx.xx.2025-ci il tarixə 1999,46 manat əsas borcu, 187,89 manat faiz borcu olmaqla, ümumi borcu 2187,35 manat təşkil edir. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh banka olan borclarını xx.xx.2025ci il tarixədək icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-sürətli poçt daşınması xidməti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı QSC tərəfindən (qaimə 021197) Cavabdeh məktub göndərilmiş, kuryer ünvana getmiş, lakin şəxs tərəfindən imtina edildiyi üçün məktub geri qaytarılmışdır. İş materiallarında olan “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, xx.xx.2025ci il tarixdə iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 189,11 manat pul ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli, 9/4984 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli, 014A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixinə iddiaçıya olan borcu əsas borcu üzrə 27696,8 manat, faiz borcu üzrə 2556,76 manat, xx.xx.2024-cü il tarixli, 15E**********40 nömrəli kart kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə olan borcu isə əsas borc üzrə 2389,06 manat, faiz borcu üzrə 243,67 manat təşkil edir. Həmin rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmasını müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə uyğun olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya məhv edilməsi haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 442-ci maddəsinə görə Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə görə bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və proses iştirakçılarının izahatlarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Məhkəmə araşdırması zamanı mülki işin müəyyən edilmiş mübahisəsiz hallarına görə Cavabdeh İddiaçı QSC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 014A********** nömrəli kredit müqaviləsi çərçivəsində 29000 manat, xx.xx.2024-cü il tarixli, 15E**********40 nömrəli kart kredit müqaviləsi çərçivəsində 2000 manat vəsait ayrılmış, kredit müqaviləsi üzrə ümumilikdə 2710 manat ödəniş edilmişdir. İddia tələbinin həcmi ilə bağlı cavabdeh tərəfindən mübahisələndirilən halların araşdırılması xüsusi bilik tələb etdiyindən işin məhkəmə baxışı zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli, 9/4984 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli, 014A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2025-ci il tarixinə iddiaçıya olan kredit borcu əsas borc üzrə 27696,8 manat, faiz borcu üzrə 2556,76 manat, xx.xx.2024-cü il tarixli, 15E**********40 nömrəli kart kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə əsas borc üzrə 2389,06 manat, faiz borcu üzrə isə 243,67 manat təşkil edir. Göründüyü kimi, ekspertin xx.xx.2024-cü il tarixli, 014A********** nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği barəsində gəldiyi nəticə iddia tələbində irəli sürülən məbləğdən az, faiz borcu barəsində gəldiyi nəticə isə iddia tələbində irəli sürülən məbləğdən çox olmuşdur. Eyni zamanda həmin rəydə xx.xx.2024-cü il tarixli, 15E**********40 nömrəli kart kredit müqaviləsi üzrə həm əsas borc, həm də faiz borcu iddia tələbində irəli sürülən məbləğdən çox olmuşdur. Məhkəmə göstərilən rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə təhlil edərək xx.xx.2024-cü il tarixli, 014A********** nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləğinə dair ekspertin gəldiyi nəticə ilə razılaşır, faiz borcu barəsində gəldiyi nəticə ilə razılaşsa da, qeyd etməyi zəruri hesab edir ki, rəydə göstərilən məbləğ iddianın faiz borcuna aid hissəsinin həcmini aşdığı üçün tələb həmin hissədə yalnız iddia ərizəsində irəli sürülən həcmdə təmin olunmalıdır. Həmin rəydə xx.xx.2024-cü il tarixli, 15E**********40 nömrəli kart kredit müqaviləsi üzrə həm əsas borc, həm də faiz borcu ilə bağlı ekspertin gəldiyi nəticə iddia tələbinin həcmini aşdığı üçün məhkəmə hesab edir ki, bu müqaviləyə münasibətdə iddia yalnız ərizədə göstərilən həcmdə təmin olunmalıdır. Məhkəmə tələbin cərimə borcuna aid hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 014A********** nömrəli kredit müqaviləsi üzrə hesablanmış 575.55 manat cərimənin azaldılaraq 275.55 manat müəyyən edilməsi qanuni, əsaslı və ədalətli olmaqla, həm iddiaçı təşkilatın əmlak mənafelərinə, həm də cavabdehlin maddi, əmlak vəziyyətinə uyğundur. Məhkəmə Cavabdeh tərəfindən məhkəmənin sonuncu baxış iclası zamanı təqdim olunmuş hesabdan çıxarışa münasibətdə qeyd edir ki, müvafiq çıxarış işin baxışa hazırlanması mərhələsində təqdim edilməmişdir. Bundan əlavə cavabdehin həmin çıxarışla təsdiq etmək istədiyi halların məhkəmə baxışı zamanı meydana gəldiyi əsaslandırılmamış, həmçinin iddiaçı bank tərəfindən çıxarışda əks olunan ödənişlərin həcminə mütənasib olaraq iddia tələbinin dəyişdirilməsi barədə müraciəti olmamışdır. Şərh olunanlara əsasən məhkəmə sözügedən hesabdan çıxarışı sübut olaraq qəbul eləmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdeh xx.xx.2024-cü il tarixli, 014A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 27696,8 manat, faiz borcuna görə 2496,12 manat, cərimə borcuna görə 275,55 manat, xx.xx.2024-cü il tarixli, 15E**********40 saylı kart kredit müqaviləsi üzrə əsas borca görə 1999,46 manat, faiz borcuna görə 187,89 manat və ödənilmiş dövlət rüsumuna görə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 187,97 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, artıq ödənilmiş 1.14 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia qismən təmin olunduğundan iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq müvafiq qurumun hesabına ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 014A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 27696,8 manat, faiz borcuna görə 2496,12 manat, cərimə borcuna görə 275,55 manat, xx.xx.2024-cü il tarixli, 15E**********40 saylı kart kredit müqaviləsi üzrə əsas borca görə 1999,46 manat, faiz borcuna görə 187,89 manat və ödənilmiş dövlət rüsumuna görə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 187,97 manat, cəmi 32843.79 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Artıq ödənilmiş 1.14 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar