Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-831/2025 19.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlu iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borca görə 948,07 manat, faiz borcuna görə 28,36 manat, cərimə borcuna görə 30,06 manat, cəmi 1106,49 manat və dövlət rüsumuna görə 30,47 manat pul vəsaitinin tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən əsasən borcverən borcalana 36 ay müddətinə, illik 16 faiz ödəmək şərtilə 3480 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə “bu müqavilə üzrə borcalan ayrılan kredit məbləği oferta çərçivəsində borcalan verilən ödəniş kartına köçürülür”. Bu müqavilə "xxxx" ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş və borcalanın yazılı razılığı ilə bütün şərtləri onun tərəfindən qəbul edilmiş xx.xx.2021 tarixli 01U/21 saylı ümumi oferta çərçivəsində bağlanır. Bu müqavilədə nəzərdə tutulmayan və tərəflər arasında münasibətləri tənzimləyən bütün digər şərtlər oferta ilə tənzimlənir. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin kredit müqaviləsi üzrə 19 sentyabr 2025-ci il tarixinə "xxxx" KB ASCyə əsas borca görə 948,07 manat, faiz borcuna görə 28,36 manat, cərimə borcuna görə 30,06 manat, cəmi 1106,49 manat manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış müqavilənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də iddiaçı öz tələbinin məhkəmə yolu həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən cavabdehin ünvanına, eləcə də cavabdehin qeydiyyatda olduğu Zərdab RİHB-nın Bəyimli qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məhkəmə bildirişi göndərilərək, cavabdehin hüquq və vəzifələri izah olunması üçün məhkəmə bildirişinin cavabdehə çatdırılmasının təmin olunmasına kömək göstərilməsi xahiş olunmuş, müvafiq nümayəndəlik tərəfindən verilən yazılı arayışa əsasən cavabdehin Bəyimli qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq xeyli müddətdir Bakı şəhərində yaşadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan borcalan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizə-anketdən görünür ki, o, həmin ərizə-anketi imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (https://unibank.az/) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli, 11302nkAHMb/22 saylı kredit müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə, xx.xx.2025-ci il tarixədək illik 16 faiz ödəmək şərtilə 3480 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan cavadehə göndərilmiş 02 iyul 2025-ci tarixli bildirişin (pretenziyanın) surətindən görünür ki, 02 iyul 2025-ci il tarixinə 948,07 manat əsas, 14,31 manat faiz, 10,93 manat cərimə, cəmi 973,31 manat borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan "xxxx" KB MMC tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən banka əsas borca görə 948,07 manat, faiz borcuna görə 28,36 manat, cərimə borcuna görə 30,06 manat, cəmi 1106,49 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 30,47 manat pul ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Müvafiq plenum qərarında tutulan mövqedən çıxış edərək məhkəmə belə hesab edir ki, müqavilənin birtərəfli qaydada ləğvi haqqında bildirişin (pretenziyanın) cavabdehə təqdim edilməsi ilə tərəflər arasındakı mövcud hüquq münasibətlərinə artıq xitam verildiyindən bu tarixdən sonra əlavə olaraq 14,05 məbləğdə faiz borcunun, həmçinin 19,13 məbləğdə cərimə borcunun hesablanması qanuni deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.2-ci maddəsinə əsasən şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.4-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə görə, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 743.2-ci maddəsinə görə, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə əsas borca görə 948,07 manat, faiz borcuna görə 14,31 manat, cərimə borcuna görə 10,93 manat, cəmi 973,31 manat və dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 948,07 manat, faiz borcuna görə 14,31 manat, cərimə borcuna görə 10,93 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1003,31 (bir min üç manat, otuz bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Artıq ödənilmiş 0,47 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Hakim Cavid Abbasov
Məhkəmə qərarları › İş №e-2(035)-831/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-831/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver