Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-859/2025 28.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə” dair mülki iş üzrə Açar sözlər: (Maddi ziyan tələbi) X12 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 28 yanvar 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən yol-nəqliyyat hadisəsi nəticəsində sığorta ödənişi olaraq ödənilmiş 8000 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat olmaqla, cəmi 8100 manat pulun cavabdehdən tutularaq "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində cavabdeh X8 etibarnamə olmadan idarə etdiyi “Ford” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Abşeron rayonu ərazisində hərəkət edən zaman yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Vaz 21074” markalı, ** NY *** qeydiyyat nişanlı və “Bmw 528i” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyatlara zərər vurmuşdur. Hadisə nəticəsində X4 və X9 az ağır xəsarət yetirmişdir. Cavabdehin idarə etdiyi “Ford” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində PME********** müqavilə ilə "xxxx" ASCdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Cavabdeh təqsirli bilindiyi üçün "xxxx" ASC tərəfindən zərərçəkənlərə ümumilikdə 8000 manat sığorta ödənişini həyata keçirmişdir. İddiaçı cavabdehdən dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etsədə, heç bir nəticəsi olmamışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiklərini, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan xx.xx.2022-ci il tarixli PME********** nömrəli icbari sığorta müqaviləsinin surətindən görünür ki, X5 məxsus “Ford” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də sığorta edilmişdir. İşdə olan "xxxx" ASC-ninxx.xx.2023-ci il tarixli Qüsur Aktından görünür ki, “Bmw 528i” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün ehtiyat hissələrinin alınmasına görə çəkilmiş xərclərin və təmiri üçün çəkilmiş xərclərin qiyməti, cəmi 9710 manat təşkil edir. İşdə olan"xxxx" ASC-nin xx.xx.2023-ci il tarixli Qüsur Aktından görünür ki, Vaz 21074” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün ehtiyat hissələrinin alınmasına görə çəkilmiş xərclərin və təmiri üçün çəkilmiş xərclərin qiyməti, cəmi 3948 manat təşkil edir. İşdə olan № İAS231111 nömrəli Sığorta Ödənişi Aktından görünür ki, az ağır xəsarətə görə X2 1500 manat pul ödənilmişdir. İşdə olan № İAS230953 nömrəli Sığorta Ödənişi Aktından görünür ki, Vaz 21074” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X1 1445.50 manat pul ödənilmişdir. İşdə olan İAS230952 nömrəli Sığorta Ödənişi Aktından görünür ki, “Bmw 528i” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə avtomobilin sahibi X7 3554.5 manat pul ödənilmişdir. İşdə olan İAS2309531 nömrəli Sığorta Ödənişi Aktından görünür ki, az ağır xəsarətə görə X10 1500 manat pul ödənilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 1(012)-634/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, məhkəmə iş üzrə toplanmış sübutların və məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə bir nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş çəxslərin, mülki iddiaçıların və şahidlərin ifadələri, eləcə də, iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materealları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. İş materiallarında olan telefonoqramadan müəyyən olunur ki, iddiaçının nümayəndəsi ilə telefon əlaqəsi saxlanılaraq cavabdehin barəsində inzibati protokol və qərar tərtib olunması ilə bağlı əlavə sübutların məhkəməyə təqdim olunması bildirilsədə lakin iddiaçının nümayəndəsi əlavə sübutların olmamasını bildirmişdir İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Sığorta haqqında Qanun: 10-cu maddəsinə görə sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. 11-ci maddəsinə görə qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 16-cı maddəsinə görə sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir. İcbari Sığortalar haqqında qanun 20.6-cı maddəsinə görə Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. 20.7-ci maddəsinə görə Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ var. 25.1-ci maddəsinə görə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 25.4. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə görə Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülkihüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə cavabdeh X8 idarə etdiyi “Ford” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Abşeron rayonu ərazisində hərəkət edən zaman yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Vaz 21074” markalı, ** NY *** qeydiyyat nişanlı və “Bmw 528i” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyatlara zərər vurmuşdur. X6 və X10 az ağır xəsarət yetirmişdir. Cavabdehin idarə etdiyi “Ford” markalı, ** XB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində PME********** müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 1(012)- 634/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddənin “Qeyd” hissəsinə əsasən xitam verilmiş və cavabdeh cinayət məsuliyyətindən azad olunmuşdur. Eyni zamanda Cavabdeh əməllərində inzibati xəta tərkibinin əlamətlərinin araşdırıb Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyyatı üzrə Abşeron rayon Prokurorluğuna göndərilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün hüquqi həlli baxımından İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş “nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi” və “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş “hüququ olmayan şəxs” ifadələrin mahiyyətinin (həmin ifadələrin tətbiqinin hansı məqsəd daşıdığını) aydınlaşdırılması zəruridir. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsini inzibati xəta olaraq müəyyən etmişdir. Müddəada nəzərdə tutulmuş “nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi” ifadəsini aydınlaşdırmaq üçün inzibati xətalar barədə qanunverciliyin vəzifələrinə diqqət yetirmək vacibdir. İnzibati Xətalar Məcəlləsinin 2- ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar qanunvericiliyində göstərilən vəzifələrdən irəli gələrək Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulmuş istisna ilə avtomobilin etibarnamə olmadan idarə edilməsinin inzibati xəta kimi müəyyən edilməsində əsas məqsəd avtomobil sahiblərinin (mülkiyyətçilərinin) hüquqlarının qorunması, baş vermiş konkret xətanın törədilməsində təqsirin müəyyən edilməsi, xətanı törədən şəxsin şəxsiyyətinin dəqiq müəyyən edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsindən ibarətdir. Bu müddəa ilə tənzimlənən münasibətlər inzibati xətanın əsas iştirakçıları ilə (inzibati xətanı törədən şəxs və zərərçəkmiş şəxs) konkret səlahiyyətli dövlət orqanları arasında olan ictimai münasibətləridir. İnzibati xətanın törədildiyi halda fiziki və hüquqi şəxslər inzibati hüquq münasibətlərinin əsas iştiakçılarına çevrilirlər. İcbari sığorta münasibətləri isə mülki hüquqi münasibətlərdir. Bu münasibətlərin yaranması üçün tərəflər arasında icbari sığorta müqaviləsinin bağlanması isə mütləqdir. Göründüyü kimi, İXM-nin 332.1-ci maddəsi ilə tənzimlənən ictimai münasibətlərin icbari sığorta müqaviləsi ilə tənzimlənən mülki hüquqi münasibətlərə heç bir adiyyəti və icbari sığorta münasibətlərinin subyektlərinin hüquq və mənafələrinin qorunması ilə bağlılığı yoxdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası Qanunun 25.1.3-cü maddəsində isə qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilən müddəada subroqasiya hüququnun yaranmasının yeganə dispozitiv şərti sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə “hüququ olmayan şəxs” tərəfindən istismar edilməsini nəzərdə tutur və bu norma 2 növ hüquqi tənzimləmə vasitəsilə bilavasitə sığortaçının mənafelərinin qorunmasına xidmət edir. Bu hüquqi tənzimləmənin biri sığorta şəhadətnaməsində göstərilən əmlakın idarə edilməsi, digəri isə əmlakdan istifadə və onun işlədilməsi, habelə digər qaydada istismar edilməsi ilə əlaqədardır. Hazırkı mübahisə üzrə sığorta predmeti olan əmlaka, yəni nəqliyyat vasitəsinə gəldikdə, göstərilən müddəada “hüququ olmayan şəxs” ifadəsi, sığortaçının mənafeyi baxımından, avtomobili idarə etmək hüququnun olmamasını nəzərdə tutur. Nəqliyyat vasitəsini idarə etmək hüququ şəxsin nəzəri və təcrübi biliklərə yiyələndikdən sonra ona sürücülük vəsiqəsi verilməklə yaranır. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin isə yol-nəqliyyat hadisəsi törətməsi (sığorta müqaviləsinin tərəfi olaraq sığorta hadisəsi törətməsi) riski daha yüksəkdir. Bu mənada, həmin müddəa sığortaçının mənafeyini qoruyaraq, yol-nəqliyyat hadisəsi nəticəsində baş verən sığorta hadisələrinə görə ödənilmiş sığorta ödənişlərinin sonradan geri tələb etmək hüququnun təminatı kimi nəzərdə tutulmuşdur “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulan digər hüquqi tənzimləmə isə, ümumilikdə əmlakdan istifadə etməni ehtiva edir. Çünki əmlakın istər işlədilməsi, istəsə də digər qaydada istismar edilməsi istifadədən doğan hərəkətlərdir. Əmlakdan istifadənin əsasları isə Mülki Məcəllənin 152.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Avtomobildən bu şəkildə istifadə həm icarə müqaviləsi, həm də əvəzsiz istifadə müqaviləsi əsasında həyata keçirilə bilər. Mülki Məcəllədə əvəzsiz istifadə müqaviləsinin mütləq yazılı formada bağlanması qaydası isə nəzərdə tutulmamışdur. Bu mənada, mülkiyyətçisinin razılığının şifahi formada olması da əmlakın istifadə edilməsi üçün kifayət edir. Şərh edilənlər onu deməyə əsas verir ki, “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3cü maddəsinin məqsədləri üçün “hüququ olmayan şəxs” ifadəsi əmlakın qanuni əsaslar olmadan istifadə edilməsini, onun işlədilməsini, habelə digər qaydada istismar edilməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, yuxarıda da şərh edildiyi kimi, əmlaka dair kirayə müqaviləsinin və əvəzsiz istifadə müqaviləsinin bağlanması (mülkiyyətçinin razılığının olması) qanuni əsaslar hesab edilir. Mülkiyyətçinin razılığı isə onun iradə ifadəsi hesab edilir və belə iradənin (razılığın), xüsusilə əvəzsiz istifadə müqaviləsində, yazılı olması mütləq deyil. Konkret mübahisəyə gəldikdə isə, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli № 1(012)634/2023 saylı Qərarından müəyyən olunur ki,iş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Ford-Transit markalı **- XB-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında ona məxsusdur. xx.xx.2023-cü il tarixdə həmin avtomobili Bakı şəhəri, Balaxanı qəsəbəsində təmirə aparması üçün dostu Cavabdeh xahiş etmişdir. Bəhruz həmin gün maşını təmir etdirib Xırdalan şəhərinə evinə qayıdan zaman Saray yeni yolunda havanın qarlı və yağışlı olması səbəbindən avto qəza törətmişdir. Məhkəmə hesab edir ki, avtomobilin mülkiyyətçisinin məhkəmədə verdiyi ifadə onu deməyə əsas verir ki, avtomobil mülkiyyətçinin razılığı və təkidi əsasında cavabdeh tərəfindən istifadə olunmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 13.4-cü maddəsində də göstərilir ki, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Məhkəmə avtomobilə dair etibarnamənin olmamasına dair iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, mülki hüquq münasibətləri baxımından etibarnamə əmlakı idarə etmək hüququnu deyil, təmsilçiliyi nəzərdə tutur. Mülki Məcəllənin 332.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. “Təmsil” sözünün mənası isə birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq, yaxud birinin mənafeyini, fikrini, görüşünü və s. ifadə etmək deməkdir. Həmçinin, Mülki Məcəllənin 152.8-ci maddəsində də etibarnamənin mahiyyətinə daha dəqiq aydınlıq gətirilərək qeyd edilir ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Yol hərəkəti münasibətlərində isə avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçiliyin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndinə yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İXM-nin 332.1-ci maddəsində göstərilən əsaslarla etibarnamənin olmamasının inzibati xəta hesab edilməməsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində göstərilən əmlakı idarə edən və onu istifadə edən şəxslər kimi qəbul edilməsinə əsas vermir, çünki əvvəldə də geniş şərh edildiyi kimi, inzibati qanunvericiliyin tənzimlədiyi ictimai münasibətlərlə mülki qanunverciliyin tənzimlədiyi ictimai münasibətlər bir-birindən fərqlənir. Qanunun 25.1.3-cü maddəsinin məqsədləri baxımından “hüquqi olmayan şəxs” yalnız sürücülük hüququ olmayan şəxsdir, həmçinin nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxsdir. Bundan əlavə məhkəmə qeyd edir ki, şəxsin əməllərinə hüquqi qiymət verilməsi üçün iş materialları Abşeron rayon Prokurorluğuna göndərilsədə lakin şəxsin hansı inzibati məsuliyyətə cəlb olunub olunmaması ilə bağlı sübutlar iş materiallarına əlavə olunmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, şəxsin əməli sübuta yetirilməmiş və əməlinə hüquqi qiymət verilməmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaşı "xxxx" ASC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddiası təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-859/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-859/2025
28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver