Məhkəmə qərarları › İş №e-2(036)-110/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-110/2025

20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-110/2025 20.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıraliyeva Günel Mirzə qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (bundan sonra- İddiaçı MMC) Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan vurulmuş ziyana görə 3903.10 (üç min doqquz yüz üç manat on qəpik) manat borcun və mediasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi cavabdeh adminstrator vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalamışdır. xx.xx.2022-ci il tarixli 523 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərində İddiaçı MMC-nin – OBA Köhnə Günəşli 17 və OBA Xəzər 5 mağazalarında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləğ i2874 (iki min səkkiz yüz yetmiş dörd) manat 95 (doxsan beş) qəpik, xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2018 (iki min on səkkiz) manat 41 (qırx bir) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnaməyə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3903 (üç min doqquz yüz üç) manat 10 (on) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3903 (üç min doqquz yüz üç) manat 10 (on) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdehnın ünvanına xx.xx.2023-cü il tarixində Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı MMC-yə borcu yoxdur və ona qarşı qaldırılan iddia əsassızdır. Bundan başqa, iddia müddəti keçmişdir. Ona görə də, iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 468 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən etibarən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə administrator vəzifəsinə işə qəbul edilmişdir. - İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsidən görünür ki, xx.xx.2021-ci il tarixindən etibarən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə administrator vəzifəsinə işə qəbul edilmişdir. - X3 haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X3 haqqında müqavilə imzalanmışdır. - İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 523 saylı əmrdən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixindən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli “İmtina aktı”ndan görünür ki, İddiaçı MMC-nin Oba – Köhnə Günəşli 7 mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksik gəlmələrin (2874.95 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. - "xxxx" MMC-nin Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 16 fevral 2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 2874.95 (iki min səkkiz yüz yetmiş dörd manat doxsan beş) AZN, xx.xx.2022-ci il tarixində 2018.41 (iki min on səkkiz manat qırx bir qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 3903.10 (üç min doqquz yüz üç manat on qəpik) AZN borc qalmışdır. Beləliklə, Cavabdeh 16 fevral 2023-cü il tarixinə “OBA Market" MMC-ə olan ümumi borcu 3903.10 (üç min doqquz yüz üç manat on qəpik) AZN təşkil edir. - "xxxx" MMC-nin İnventarizasiya komissiyasına Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli iltizamnamədən görünür ki, cavabdeh sayımda iştirak etmişdir, sayım qaydalara uyğun keçirilmişdir. Sayım zamanı heç bir nöqsan aşkar edilməmişdir. - "xxxx" MMC-nin İnventarizasiya komissiyasına Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli iltizamnamədən görünür ki, cavabdeh sayımda iştirak etmişdir, sayım qaydalara uyğun keçirilmişdir. -"xxxx" MMC-nin Daxili Nəzarət Departamentinin Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış və 3903.10 AZN əskikgəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, "xxxx" MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatım aparmalıdır. 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı MMC Cavabdeh qarşı əmək mübahisəsi üzrə ilkin mediasiya sessiyasında İddiaçı MMC-nin nümayəndəsi iştirak etmiş, məlumat verilməsinə baxmayaraq Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya üçün ərizənin tarixi xx.xx.2023-cü il olmuşdur. Məhkəmə iddia müddətinin hazırki mübahisəyə tətbiq edilib-edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə həmçinin iddianın əsaslılığı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona dəymiş maddi ziyanın ödənilməsi barədə iddia verərkən cavabdehin onun işçisi olduğunu, aralarındakı əmək münasibətlərindən irəli gələn pul öhdəliyinin olmasına dair müvafiq sənədlər təqdim edərək ilkin sübutlarla təsdiq olunduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində İddiaçı MMC-nin – OBA Köhnə Günəşli 17 və OBA Xəzər 5 mağazalarında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edildiyini bildirsə də, məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni bir illlik iddia müddətini buraxdıqdan sonra müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar