Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1109/2025 23.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki mübahisə (açar sözlər: kredit borcu) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3, Cavabdeh3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 186 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 1377,44 manat əsas borc, 15,23 manat faiz borcu olmaqla, cəmi 1392,67 manat borcun və ödənilmiş 33,92 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehlərə qarşı iddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 186 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən 1377,44 manat əsas borc, 15,23 manat faiz borcu olmaqla, cəmi 1392,67 manat borcun və ödənilmiş 33,92 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) İmişli filialı ilə X5 arasında 20 dekabr 2019-cu il tarixli 186 saylı güzəştli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 1410,36 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Güzəştli borc müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh1 və Cavabdeh3 arasında 20 dekabr 2019-cu il tarixli 186 A və 186 B saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh X5 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh X5 güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti İmişli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 fevral 2025-ci il tarixli 5-53-12-1/2- 24/2025 saylı arayışına əsasən X5 vəfat etdikdən sonra onun varisləri Cavabdeh4 və Cavabdeh2 olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında maddi imkanlar olmadığı üçün krediti ödəmədiklərini bildirmiş və iddianı etiraf etmişdir.
5. Digər cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə X5 arasında xx.xx.2019 tarixli 186 saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 5 il müddətinə, 1 il güzəşt müddəti müəyyən edilməklə illik 1 faiz dərəcəsi ilə 1410,36 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi və ödəniş cədvəli tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur. Eyni zamanda X1 öhdəliyinin təminatı olaraq iddiaçı ilə Cavabdeh3 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. X5 ölmüş, iddiaçı tərəfindən Cavabdeh4 və Cavabdeh2 onun vərəsələri olduqlarından onlara qarşı da iddia verilmişdir.
11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
12. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
14. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
15. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
16. Məhkəmə iddianın cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tələb edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənəddən Cavabdeh4 və Cavabdeh2 X1 ailə üzvü olduğu müəyyən edilsə də, Cavabdeh4 və Cavabdeh2 onun vərəsələri olması, o cümlədən mirası qəbul etdiklərinə dair notariat ofisinə verilmiş ərizə və ya onların X1 əmlakına sahiblik etdiklərinə və ya həmin əmlakı faktiki idarə etdiklərinə dair iddiaçı tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
17. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tələb edilməsi hissəsində təmin edilməməlidir.
18. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəlikləri kredit müqaviləsi və tərəflər arasında bağlanmış zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 üzərlərinə düşən öhdəliklərini icra etməmişlər. Belə olan halda isə bu, iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə X5 arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 1410,36 manat məbləğində pul X2 verilmiş, X1 öhdəliyinin təminatı olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zamin olmuşlar. Müqavilə üzrə borclular üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər, nəticədə borcları yaranmışdır. İddia Cavabdeh3 tərəfindən etiraf edilmişdir.
20. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borclarının cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tələb edilməsi hissəsində əsaslıdır və həmin borclar cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
21. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli 186 saylı kredit müqaviləsinə əsasən 1377,44 manat əsas, 15,23 manat faiz, cəmi 1392,67 manat borc cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia Cavabdeh4 və Cavabdeh2 aid hissədə rədd edilsin. Ödənilmiş 33,92 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.