Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1139/2024 21.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: əsassız varlanma, pulun tutulması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı cavabdehdən əsassız varlanmaya görə 774 manat məbləğində əsas borc, 6.46 manat məbləğində faiz borcu, cəmi 780.46 manat məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən əsassız varlanmaya görə 774 manat məbləğində əsas borc, 6.46 manat məbləğində faiz borcu, cəmi 780.46 manat məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Neo kart” razılaşmasına əsasən sonuncuya AZN valyutasında debet (MC X1 Paypass) kartı verilmişdir. Cavabdeh “Neo kart” razılaşmasına əsasən yaradılmış 523522***1816 saylı kartı hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin, 2023-cü il tarixdən etibarən yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə o, 774 manat məbləğində banka məxsus pul vəsaitinı istifadə etmişdir. Bununla da cavabdeh tərəfindən iddiaçıya məxsus 774 manat məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin banka məxsus qeyd olunan 774 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 774 manat məbləğində əsas, 6.46 manat məbləğində faiz borc olmaqla, cəmi 780.46 məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli ödəniş kartlarının təqdim edilməsinə dair Razılaşmanın 2.2-ci bəndində qeyd edilmiş linkdə yerləşdirilmiş razılaşmaya əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardir. Həmin müqavilənin 2.1-ci maddəsinə qeyd edilmiş linkdə yerləşdirilmiş qoşulma razılaşmasına əsasən yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42% olmaqla) geri qaytarmaq müştərinin vəzifəsidir. xx.xx.2022-ci il tarixli “Neo kart” razılaşmasına və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Neo kart” razılaşmasına əsasən cavabdehə AZN valyutasında debet (MC X1 Paypass) kartı verilmişdir. Cavabdeh “Neo kart” razılaşmasına əsasən yaradılmış 523522***1816 saylı kartı hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin, 2023-cü il tarixdən yaranan texniki xəta səbəbindən hesabına köçmüş və iddiaçıya məxsus 774 manat məbləğində pul vəsaitindən istifadə etmişdir.
7. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh ona məxsus olmayan 774 manat məbləğində pul vəsaitini qanuni və ya müqavilə əsas olmadan əldə etməklə əsassız varlanmışdır.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır.
9. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əldə olunmuş iddiaçıya məxsus 774 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
10. İddia tələbinin 6.46 manat məbləğində faiz borcuna münasibətdə məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ödəniş kartlarının təqdim edilməsinə dair Razılaşmanın 2.2-ci bəndində qeyd edilmiş linkdə yerləşdirilmiş razılaşmaya əsasən əsaslı olduğundan iddia həmin hissədə də təmin edilməlidir.
11. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
12. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
13. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdеh Cavabdeh 774 manat məbləğində əsas borc, 6.46 manat məbləğində faiz borcu, cəmi 780.46 manat məbləğində pul vəsati və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Zaur Pirverdiyev