Məhkəmə qərarları › İş №e-2(036)-1176/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1176/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1176/2024 24.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1116.18 AZN əsas borc və 0.01 AZN faiz borcu olmaqla, cəmi 1116.19 AZN məbləğində pul vəsaitin, ödənilmiş 39.49 AZN dövlət rüsumunun və 0.40 AZN xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. İddiaçı "xxxx" ASC-nin İmişli filialı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BMP**********66 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 20 faiz olmaqla 3000 AZN məbləğində kredit verilmişdir.

3. X1 14 iyul 2020-ci il tarixdə vəfat etmişdir. İmişli regional ”Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 757 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhumdan qalan əmlakı qəbul etmişlər.

4. Bankın “İmişli” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli BPM192344667-nömrəli kredit müqaviləsinə əsasən,X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş 1116.18 AZN əsas, 0.01 AZN faiz olmaqla, cəmi 1116.19 AZN kredit borcu qalmışdır.

5. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində mirası qoyanın "xxxx" ASC-nin İmişli filialının qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün İddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişlər.

6. Cavabdehlərin xx.xx.2024-cü il tarixə iddiaçı "xxxx" ASC-yə 1116.18 AZN əsas borc və 0.01 AZN faiz borcu olmaqla, cəmi 1116.19 AZN məbləğində borcu yaranmışdır.

7. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildiriş göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.

8. İddia ərizəsinin verilməsi üçün 39.49 AZN dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

13. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

17. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

18. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

25. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə göndərilməmişdir.

26. İş materialları ilə müəyyən olur ki, kredit müqaviləsinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyırlar.

27. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməlidir.

28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1116.18 AZN əsas borc və 0.01 AZN faiz borcu olmaqla, cəmi 1116.19 AZN məbləğində pul vəsaiti və ödənilmiş 39.49 AZN manat tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar