Məhkəmə qərarları › İş №e-2(036)-121/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-121/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-121/2022 09.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 2450,57 manat əsas borc, 1886,49 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 340 manat faiz məbləği olmaqla, ümumilikdə 4677,06 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Cavabdeh3 ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 31 avqust 2015-ci il tarixli, 8853 saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 28% olmaqla 36 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında Cavabdeh3 ilə eyni həcmli məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan: 31 avqust 2015-ci il tarixli, 8853 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 28% olmaqla 36 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. 31 avqust 2015-ci il tarixli, 6969 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 31 avqust 2015-ci il tarixli, 8853 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərilərinə götürmüşlər. 09 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 31 avqust 2015ci il tarixli, 8853 saylı kredit müqaviləsi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan 2450,57 manat əsas borc, 1886,49 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 340 manat faiz borcu təşkil edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər üzərilərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmişlər, onların iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 1886,49 manat məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi Cavabdeh2 və Cavabdeh1 ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 31 avqust 2015-ci il tarixli, 6969 saylı zaminlik müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 31 avqust 2018-ci il tarixdə başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin zaminlik müqaviləsinə xitam verilməli və iddia tələbi zaminlər Cavabdeh2 və Cavabdeh1 qarşı hissədə təmin edilməməlidir. İşdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 31 avqust 2015-ci il tarixli, 8853 saylı kredit müqaviləsi üzrə 2450,57 manat əsas borc, 50 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 340 manat faiz borcu, 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2870,57 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 31 avqust 2015-ci il tarixli, 6969 saylı zaminlik müqaviləsinə xitam verilməli və iddia tələbi Cavabdeh2 və Cavabdeh1 qarşı hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 31 avqust 2015-ci il tarixli, 8853 saylı kredit müqaviləsi üzrə 2450,57 manat əsas borc, 50 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 340 manat faiz borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2870,57 (iki min səkkiz yüz yetmiş manat, əlli yeddi qəpik) manat məbləğində pul tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 31 avqust 2015-ci il tarixli, 6969 saylı zaminlik müqaviləsinə xitam verilsin. İddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı hissədə təmin edilməsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar