Məhkəmə qərarları › İş №e-2(036)-1246/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1246/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1246/2024 24.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: kredit borcu) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh3 qarşı cavabdehlərdən müştərək qaydada 25 iyun 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 4322.99 manat, faiz borcu üzrə 271.8 manat, cərimə üzrə 67.28 manat olmaqla, ümumilikdə 4662.07 manatın və dövlət rüsümu kimi ödənilmiş 67 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbi barədə kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən müştərək qaydada 25 iyun 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 4322.99 manat, faiz borcu üzrə 271.8 manat, cərimə üzrə 67.28 manat olmaqla, ümumilikdə 4662.07 manatın və dövlət rüsümu kimi ödənilmiş 67 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 25 iyun 2026-cı il tarixə qədər aylıq qalıq borcun 28% dərəcəsini tətbiq etməklə 5000 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndləri). Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh1 və Cavabdeh3 arasında 25 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh3 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdehlərin 24 aprel 2024-cü il tarixli arayışa əsasən iddiaçıya olan borcunun məbləği əsas məbləğ üzrə 4322.99 manat, faiz üzrə 271.8 manat, cərimə üzrə 67.28 manat olmaqla, ümumilikdə 4662.07 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Cavabdehlər məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişlər.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh X5 arasında 25 iyun 2023-cü il tarixdə bağladığı LD********** saylı kredit müqaviləsi baglanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan aylıq faiz dərəcəsi 28% оlmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. Eyni zamanda cavabdeh X2 iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında kredit müqaviləsinin təminatı olaraq 25 iyun 2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərin iddiaçıya əsas borc üzrə 4322.99 manat, faiz borcuna görə 271.8 manat, cərimə borcuna görə 67.28 manat, cəmi 4662.07 manat borcu vardır. Müqavilələr və ödəniş cədvəli tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuşdur.

7. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

8. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

10. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

11. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdehlər üzərinə düşən öhdəliylərini icra etməmişlər. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi, zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh X5 arasında kredit müqaviləsi, eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqavilələri imzalanmış, iddiaçı tərəfindən 5000 manat məbləğində pul cavabdeh X2 iddiaçıdakı hesabına köçürülmüşdür. Müqavilə üzrə borclular üzərinə düşən öhdəliyləri tam icra etməmişlər, nəticədə borcları yaranmışdır.

14. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və 25 iyun 2023-cü il tarixli LD********** saylı kredit müqaviləsi üzrə 4322.99 manat əsas borc və 271.8 manat faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

16. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, həmin müqavilənin 4.1-ci bəndinə əsasən “Borc alan” tərəfindən bu müqavilə üzrə kreditin (əsas və faiz borcu) ödənilməsi vaxtında və lazımı qaydada yermə yetirilmədiyi təqdirdə gecikdirilmiş hər günə görə qalıq əsas məbləğin 1 (bır) faizi məbləğində dəbbə (cərimə) pulu hesablanır və Borcalan həmin dəhhə (cərimə) məbləğini boreverənin xeyrinə ödəməyə borcludur.

17. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

18. Məhkəmə hesab edir ki, krеdit razılaşmasına əsasən 67.28 manat məbləğində cərimə cavabdehlərdən tutulmalıdır.

19. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 67 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 25 iyun 2023-cü il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 4322.99 manat, faiz borcu üzrə 271.8 manat, cərimə üzrə 67.28 manat olmaqla, ümumilikdə 4662.07 manat və ödənilmiş 67 manat dövlət rüsümu cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar