Məhkəmə qərarları › İş №e-2(036)-145/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-145/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-145/2022 15.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 4946,54 manat əsas borc, 1037,25 manat faiz borcu, 314,90 manat cərimə borcu, 689,31 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu, ümumilikdə 6988 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 izahatında göstərmişdir ki, Cavabdeh1 ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 27 iyul 2015-ci il tarixli, 573 SF saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında Cavabdeh1 ilə eyni həcmli məsuliyyəti öz üzərilərnə götürmüşlər. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, ona qarşı iddia müddəti ötrülmüşdür. Ona görə də, iddia tələbinin ona qarşı hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, ona qarşı iddia müddəti ötrülmüşdür. Ona görə də, iddia tələbinin ona qarşı hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, ona qarşı iddia müddəti ötrülmüşdür. Ona görə də, iddia tələbinin ona qarşı hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan 27 iyul 2015-ci il tarixli, 573 SF saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. 06 avqust 2015-ci il tarixli, 6774 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 27 iyul 2015-ci il tarixli, 573 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərilərinə götürmüşlər. 03 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 27 iyul 2015-ci il tarixli, 573 SF saylı kredit müqaviləsi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan 4946,54 manat əsas borc, 1037,25 manat faiz borcu, 314,90 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu 689,31 manat təşkil edir. AZ-İİ 077894 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 17 fevral 2020-ci il tarixdə ölmüşdür. Lakin işdən göründüyü kimi Cavabdeh1 17 fevral 2020-ci il tarixdə ölməsinə baxmayaraq ölümündən sonra, yəni 12 iyul 2021-ci il tarixdə kreditor tərəfindən ona qarşı iddia tələbi irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının 3-cü bəndinə görə vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə hesab edir ki, iş üzrə şəxsi borclu Cavabdeh1 barəsində məhkəmədə iddia qaldırılmazdan əvvəl öldüyündən və iddiaçı (kreditor) ona qarşı iddia iralə sürmək hüququnu itirdiyindən iddia ona qarşı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 06 avqust 2015-ci il tarixli, 6774 saylı zaminlik müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 27 iyul 2018-ci il tarixdə başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin zaminlik müqaviləsinə xitam verilməli və iddia tələbi zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiası təmin edilməsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 06 avqust 2015-ci il tarixli, 6774 saylı zaminlik müqaviləsinə xitam verilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar