Məhkəmə qərarları › İş №e-2(036)-1760/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1760/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1760/2025 24.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı (bundan sonra- İddiaçı MMC) Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş ziyana görə 3600 manat borcun, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pulun və vəkil xidməti üçün ödənilmiş 300 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən əsas iş yeri kimi briqadir vəzifəsinə qəbul edilmişdir. Cavabdehlə eyni tarixli “X7” haqqında müqavilə imzalanmışdır. Cavabdeh işlədiyi "xxxx" MMC-də briqadir vəzifəsində işləyərkən 9900 manat məbləğində paletləri sataraq mənimsəmə edərək şirkətə ziyan vurmuşdur. Bununla bağlı Qaradağ Polis İdarəsinə şikayət olunmuşdur. Cavabdeh izahatında 500 ədəd paleti satdığını etiraf etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixli ərizəsində 3600 manat məbləğində paletlərin satışından pul əldə etdiyini və vurulmuş ziyanı hissə-hissə ödəmək üçün vaxt verilməsini xahiş etmişdir. Cavabdehlə aralarında razılıq əldə olunsa da bu günə qədər həmin məbləğ şirkətə ödənilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmişdir. Cavabdeh borcun ödənilməsi üçün dəfələrlə vaxt verilməsini istəmiş, borcun ödənilməsi barədə vədlər vermişdir. Lakin cavabdeh tərəfindən təklifə heç bir real münasibət bildirilmədiyi üçün Mediasiya Təşkilatına müraciət olunmuşdur. xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. Vurulmuş ziyanın tələb olunması üçün hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmış və 300 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İşdə olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 146K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən Cəmiyyətin Anbar Əməliyyatları direktorluğu, X6 Əməliyyatlar Departamenti Meyvəli Anbar Əməliyyatları şöbəsinə briqadir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, həmin tarixdən Cavabdeh İddiaçı MMC-də işləməyə başlamışdır. İşdə olan X7 haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X7 haqqında müqavilə imzalanmışdır. İşdə olan Qaradağ RPİ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür, "xxxx" MMC-nin nümayəndəsi X1 RPİ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Cavabdeh "xxxx" MMC-yə məxsus Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli» deposundan hər birinin dəyəri 6 manat olan 1665 ədəd paketi (yük altlığı) gizli talayaraq "xxxx" MMC-yə vahid niyyətlə əhatə olunan qəsdlə 9.900 manat maddi ziyan vurmuşdur. Cavabdeh cinayət məsuliyyətinə cəlb olunması və dəymiş maddi ziyanın ödənilməsində köməklik olunmasını xahiş etmiş və xx.xx.2024-cü il tarixli qərarla "xxxx" MMC-nin nümayəndəsi X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Cavabdeh tərəfindən İddiaçı rəhbərliyinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh 3600 manat məbləğində paletlərin satışından pul əldə etdiyini etiraf etmiş və vuruluş ziyanı hissə-hissə ödəmək üçün vaxt verilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən əsas iş yeri kimi briqadir vəzifəsinə qəbul edilmişdir. Cavabdehlə eyni tarixli “X7” haqqında müqavilə imzalanmışdır. Cavabdeh işlədiyi "xxxx" MMC-də briqadir vəzifəsində işləyərkən 3600 manat məbləğində paletləri sataraq mənimsəmə edərək şirkətə ziyan vurmuşdur. Bununla bağlı Qaradağ Polis İdarəsinə şikayət olunmuşdur. Cavabdeh izahatında gizli olaraq 500 ədəd paleti satdığını etiraf etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixli ərizəsində 3600 manat məbləğində paletlərin satışından pul əldə etdiyini və vurulmuş ziyanı hissə-hissə ödəmək üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış maddi ziyanın ödənilməsi hissəsində mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. -194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. -200-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X7 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X7 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X7 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. 5. X7 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. - 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. - 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X7 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Göstərilənlərə əsasən məhkəmə vurulmuş zərərin məbləği ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, göstərilənlərə əsasən iddiaçıya vurulmuş 3600 məbləğində maddi ziyanın Cavabdeh tutulmasını qanuni və əsaslı hesab edir. Belə ki, Qaradağ RPİ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında cavabdehin göstərilmiş izahatında onun iddiaçıya ziyan vurması sübut olunur. Həmçinin, Cavabdeh "xxxx" MMC-nin rəhbərinə ünvanladığı ərizədə politlərin satışı nəticəsində iddiaçıya 3600 manat məbləğində ziyan vurduğunu etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ziyan vurulması faktı öz təsdini tapmışdır. Bundan başqa, xx.xx.2025-ci il tarixli EM-2364VK-24184/25 saylı “hüquqi yardım göstərilməsi haqqında” müqavilə ilə vurulmuş ziyanın tələb olunması üçün müqavilə bağlanmış və 300 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3600 manat vurulmuş ziyan pul, 60 manat mediasiya xərci və 300 manat vəkil xidməti üçün ödənilmiş məbləğ olmaqla, cəmi 3960 (üç min doqquz yüz altmış) manat məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3600 manat vurulmuş ziyan pul, 60 manat mediasiya xərci və 300 manat vəkil xidməti üçün ödənilmiş məbləğ olmaqla, cəmi 3960 (üç min doqquz yüz altmış) manat məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar