Məhkəmə qərarları › İş №e-2(036)-178/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-178/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-178/2023 13.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Məmmədli Nadir Cabir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4080.00 manat əsas borc, 965.01 manat faiz borcu, cəmi 5045.01 manat və dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 70.45 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR4471987A299 saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 24 faizlə 35 ay müddətinə 4080.00 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh İddiaçı ASC-dən aldığı 4080.00 manat kredit məbləğini cəmi 1636.93 manat faizlə birlikdə ayda 163.21 manat ödəməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR4471987A299 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə 4080.00 manat əsas borc, 965.01 manat faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4080.00 manat əsas borc, 965.01 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 70.45 manat tutulmalıdır . Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh 4080.00 (dörd min səksən) manat əsas borc, 965.01 (doqquz yüz altmış beş manat bir qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 70.45 (yetmiş manat qırx beş qəpik) manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar