Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-184/2025 16.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin (bundan sonra- İddiaçı BOKT MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh2 kredit müqaviləsi üzrə 13.791,16 (on üç min yeddi yüz doxsan bir manat on altı qəpik) manat əsas borcun, 6.611,26 (altı min altı yüz on bir manat iyirmi altı qəpik) manat faiz borcunun, 298,38 (iki yüz doxsan səkkiz manat otuz səkkiz qəpik) manat cərimə borcunun ümumilikdə, 20.700,80 (iyirmi min yeddi yüz manat səksən qəpik) manat məbləğdə borcunun və ödənilmiş 153 (bir yüz əlli üç) manat məbləğdə dövlət rüsumunun İddiaçı BOKT MMC-nin xeyrinə tutulması, tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********54-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdeh – Cavabdeh1 məxsus olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166da yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 97.1 kv m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı BOKT MMC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh – Cavabdeh2 tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi, iddia tələbi üzrə tutma İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166da yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 97.1 kv m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldildikdə və o satıldıqda, orada yaşayan və qeydiyyatda olan şəxslərin həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3317 nömrəli Kredit Müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 23% olmaqla, 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 3317 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi ipoteka saxlayan İddiaçı BOKT MMC ilə ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 3317 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166-da yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 97.1 kv m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində (Reyestr nömrəsi: **********54-10301, Qeydiyyat nömrəsi: **********) xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli, 3317 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 46 (qırx altı) % olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən, bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Cavabdeh2 uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdir. İddiaçı BOKT MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilməmişdir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 3317 nömrəli kredit müqaviləsi üzrə 13.791,16 (on üç min yeddi yüz doxsan bir manat on altı qəpik) manat əsas, 6.611,26 (altı min altı yüz on bir manat iyirmi altı qəpik) manat faiz, 298,38 (iki yüz doxsan səkkiz manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 20.700,80(iyirmi min yeddi yüz manat səksən qəpik) manat kredit borcu var. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanmış (bildiriş məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir) lakin buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməmişdir. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, işsiz olduğu üçün kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməmişdir. Əgər faiz borcu silinib, əsas məbləğ aylara bölünürsə, onunla yeni müavilə bağlarsa ödəyə bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 xəstə olduğu üçün kredit borcunun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Eyni zamanda ipoteka predmetinin müqavilə göstərilən qiymətə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 3317 nömrəli Kredit Müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 23% olmaqla 20000 (iyirmi min) manat məbləğində kredit vermiş, cavabdeh isə krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, 3317 nömrəli Kredit Müqaviləsinə 1 saylı əlavə əsasən Cavabdeh2 İddiaçı BOKT MMC-dən aldığı 20,000 manat kredit məbləğini 7,871.00 manat faiz borcu ilə birlikdə hissə-hissə ödəməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166-da yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 97.1 kv m ümumi sahədən ibarət fərdi yaşayış evi **********54-10301 reyestr nömrəsi ilə xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə оlаn xx.xx.2021-ci tarixli ipоtеkа müqаviləsinin surətinə əsasən Cavabdeh1 mülkiyyətində olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166-da yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 97.1 kv m ümumi sahədən ibarət fərdi yaşayış evi 40,000 (qırx min) manat dəyərində qiymətləndirilərək (Reyestr nömrəsi: **********54- 10301) kredit verən "xxxx" BOKT MMC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3317 saylı kredit müqaviləsi üzrə verilmiş kredit məbləğinin, hesablanmış faiz və cərimələrin qaytarılmasının təmin еdilməsi üçün ipoteka ilə yüklü edilmişdir. İşdə оlаn İddiaçı BOKT MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 3317 nömrəli Kredit Müqaviləsi üzrə Cavabdeh2 İddiaçı BOKT MMC-yə olan əsas borcu 13.791,16 (on üç min yeddi yüz doxsan bir manat on altı qəpik) manat, faiz borcu 6.611,26 (altı min altı yüz on bir manat iyirmi altı qəpik) manat, cərimə borcu 298,38 (iki yüz doxsan səkkiz manat otuz səkkiz qəpik) manat təşkil edir. İşdə olan İddiaçı BOKT MMC tərəfindən cavabdehlərə ünvanlanmış ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən və onun çatdırılması barədə poçt qəbzlərindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 3317 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı BOKT MMC-yə 13.791,16 manat əsas, 4.385,86 manat faiz borcu olmaqla, ümumilikdə, 18.177,02 manat borcu yaranmışdır. Həmin borcun ödənilmədiyi təqdirdə kreditin təminatı olan ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə cavabdeh – Cavabdeh1 məxsus olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166-da yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 97.1 kv m ümumi sahədən ibarət fərdi yaşayış evinə qarşı tutma yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Bildiriş poçt qəbzlərinə imza etməklə cavabdehlər tərəfindən qəbul edimişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3317 nömrəli Kredit Müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 23% olmaqla, 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 3317 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi ipoteka saxlayan İddiaçı BOKT MMC ilə ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 3317 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166-da yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 97.1 kv m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində (Reyestr nömrəsi: **********54-10301, Qeydiyyat nömrəsi: **********) xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin, cavabdeh tərəfindən Kredit müqaviləsinin şərtləri pozulmuş, öhdəliklər icra edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı əsas borc məbləğinin 5 faizi miqdarında yəni, 298.38 manat dəbbə pulunu tələb etməkdə tam haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən İddiaçı BOKT MMC-yə 13.791,16 manat əsas, 6.611,26 manat faiz, 298,38 manat cərimə borcu olmaqla, cəmi 20.700,80 manat borcu, bildirişə əsasən isə xx.xx.2021-ci il tarixli, 3317 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı BOKT MMC-yə 13.791,16 manat əsas, 4.385.86 manat faiz borcu və 0.00 manat cərimə borcu olmaqla, ümumilikdə, 18.177,02 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2021-ci il tarixli, 3317 saylı kredit müqaviləsinə əsasən faiz borcu cavabdehə ünvanlanmış bildirişdən (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cu maddəsinə əsasən 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməli olmasını nəzərə alaraq hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin heç bir etirazı olmadığı üçün xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən 40.000 manat məbləğində müəyyən edilməldir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166-da yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 97.1 kv m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 (qırx min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı, həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməli, satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh2 tutulmalı və əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıq qalarsa, artıq məbləğ Cavabdeh1 qaytarılmalı, həmin yaşayış evində yaşayan və qeydiyyatda olan şəxslər həmin yaşayış sahəsindən çıxarılmalı və ipoteka predmeti olan fərdi yaşayış evi boşaldılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddianın verilməsi ilə bağlı İddiaçı BOKT MMC tərəfindən 153 (bir yüz əlli üç) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 153 manat dövlət rüsumunun 145.42 manatı Cavabdeh2 alınaraq İddiaçı BOKT MMC-yə ödənilməli, qalan 7.58 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 kredit müqaviləsi üzrə 13.791,16 manat əsas borc, 4.385,86 manat faiz borcu, 298.38 manat cərimə borcu olmaqla, ümumilikdə, 18.475,40 (on səkkiz min dörd yüz yetmiş beş manat qırx qəpik) manat məbləğdə borc və ödənilmiş 145.42 (bir yüz qırx beş manat qırx iki qəpik) manat məbləğdə dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, tutma kredit öhdəliyinin icrasının təmini üsulu kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində (Reyestr nömrəsi: **********54-10301, Qeydiyyat nömrəsi: **********) xx.xx.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166-da yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 97.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, ilkin satış qiyməti 40.000 (qırx min) manat məbləğində müəyyən edilməklə ipoteka predmeti olan həmin fərdi yaşayış evi açıq hərracda satılmalı və iddia tələbi üzrə borc həmin satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı BOKT MMC-yə ödənilməli, satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh2 tutularaq İddiaçı BOKT MMC-yə ödənilməli; əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıq qalarsa, artıq məbləğ Cavabdeh1 qaytarılmalı, iddia tələbi üzrə tutma İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166-da yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 97.1 kv m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldildikdə və o satıldıqda, orada yaşayan və qeydiyyatda olan şəxslər həmin yaşayış sahəsindən bir ay müddətində məcburi qaydada çıxarılmalı və ipoteka predmeti olan həmin fərdi yaşayış evi boşaldılmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 kredit müqaviləsi üzrə 13.791,16 manat əsas borc, 4.385,86 manat faiz borcu, 298.38 manat cərimə borcu olmaqla, ümumilikdə, 18.475,40 (on səkkiz min dörd yüz yetmiş beş manat qırx qəpik) manat məbləğdə borc və ödənilmiş 145.42 (bir yüz qırx beş manat qırx iki qəpik) manat məbləğdə dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. Tutma kredit öhdəliyinin icrasının təmini üsulu kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində (Reyestr nömrəsi: **********54-10301, Qeydiyyat nömrəsi: **********) xx.xx.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166-da yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 97.1 kv m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166-da yerləşən 0,06 ha torpaq sahəsinin və onun üzərində yerləşən 97.1 kv m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 (qırx min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı BOKT MMC-yə olan borc ödənilsin. Satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ qaldığı halda) hissəsi Cavabdeh1 qaytarılsın. Satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh2 tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. İddia tələbi üzrə tutma İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 166-da yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən 97.1 kv m ümumi sahədən ibarət fərdi yaşayış evinə satıldıqda, orada yaşayan və qeydiyyatda olan şəxslər həmin yaşayış sahəsindən məcburi qaydada bir ay müddətində çıxarılsın və ipoteka predmeti olan həmin fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud