Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1856/2023 29.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi və girov predmetinin açıq hərracda satılması tələbi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh xx.xx.2022-ci il tarixli SBLMB-09505 saylı kredit müqaviləsi üzrə 1000 manat əsas borc, 281.38 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 1481.38 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34.82 manat dövlət rüsumunun, həmçinin borcun Cavabdeh məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, girov predmetinin açıq hərracda satılmasından əldə olunan vəsait borcun ödənilməsinə yeterli etməzsə, Cavabdeh qalan borcun ümümi qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SBLMB-09505 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 26.5 faiz hesablanması şərti ilə 4 ay müddətinə, 1000 manat məbləğində kredit verilmişdir.
3. Kredit müqaviləsinin tələbinə görə borcverən yuxarıda qeyd olunan öhdəlikləri yerinə yetirməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.
4. Kreditin təminatı kimi Cavabdeh xx.xx.2022-ci il tarixli SBLMB-09505 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi ona məxsus olan 2 ədəd çəkisi 8.5 qr olan 583 əyarlı üzük, 2 ədəd çəkisi 8 qr olan 583 əyarlı sırğa, 1 ədəd çəkisi 7.2 qr olan 585 əyarlı sep klon qızıl-zinət əşyalarını banka qoymuşdur.
5. Cavabdeh müqavilənin şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmiş və 1000 manat əsas borc, 281.38 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 1481.38 manat məbləğində borcu qalmışdır.
6. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.
7. İddia ərizəsinin verilməsi üçün 34.82 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
21. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
28. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
29. Belə ki, iş materialları ilə müəyyən olur ki, Rabitəbank» ASC və Cavabdeh Oruc qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli SBLMB-09505 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 26.5 faiz hesablanması şərti ilə 4 ay müddətinə, 1000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tələbinə görə borcverən yuxarıda qeyd olunan öhdəlikləri yerinə yetirməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Kreditin təminatı kimi Cavabdeh xx.xx.2022-ci il tarixli SBLMB-09505 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi ona məxsus olan 2 ədəd çəkisi 8.5 qr olan 583 əyarlı üzük, 2 ədəd çəkisi 8 qr olan 583 əyarlı sırğa, 1 ədəd çəkisi 7.2 qr olan 585 əyarlı sep klon qızıl-zinət əşyalarını banka qoymuşdur. Cavabdeh müqavilənin şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmiş və 1000 manat əsas borc, 281.38 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 1481.38 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.
30. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. 31.Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
33. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
34. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
35. Məhkəmə cavabdehdən xx.xx.2022-ci il tarixli SBLMB-09505 saylı kredit müqaviləsinə üzrə 50 manat dəbbə pulunun iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq və daha ədalətli hesab edir.
36. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
38. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
39. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilib, Cavabdeh xx.xx.2022-ci il tarixli SBLMB-09505 saylı müqavilə üzrə 1000 manat əsas borc, 281.38 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 1331.38 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34.82 məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, borc Cavabdeh məxsus olan 2 ədəd çəkisi 8.5 qr olan 583 əyarlı üzük, 2 ədəd çəkisi 8 qr olan 583 əyarlı sırğa, 1 ədəd çəkisi 7.2 qr olan 585 əyarlı sep klon qızıl-zinət əşyalarına yönəldilməli və həmin əşyalar hərracda satılaraq, əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli, SBLMB-09505 saylı kredit müqaviləsi üzrə 1000 manat əsas borc, 281.38 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 1331.38 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34.82 manat dövlət rüsumu tutulub İddiaçı ASCnin xeyrinə ödənilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 1000 manat əsas borc, 281.38 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 1331.38 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34.82 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Borc Cavabdeh məxsus olan 2 ədəd çəkisi 8.5 qr olan 583 əyarlı üzük, 2 ədəd çəkisi 8 qr olan 583 əyarlı sırğa, 1 ədəd çəkisi 7.2 qr olan 585 əyarlı sep klon qızıl-zinət əşyalarına yönəldilsin. Həmin əşyalar hərracda satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli, SBLMB-09505 saylı kredit müqaviləsi üzrə 1000 manat əsas borc, 281.38 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 1331.38 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34.82 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev