Məhkəmə qərarları › İş №e-2(036)-1998/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1998/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1998/2025 11.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: kredit borcu) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 328010-1-38503 saylı “kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə iddiaçıya borclu olduğu 1249,46 manat məbləğində əsas borc, 22,47 manat məbləğində faiz borcu, 13,15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1285,08 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 32,85 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 328010-1-38503 saylı “kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə iddiaçıya borclu olduğu 1249,46 manat məbləğində əsas borc, 22,47 manat məbləğində faiz borcu, 13,15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1285,08 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 32,85 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 328010-1-38503 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli 328010-CNS-28903 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 1483,04 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə 1285,08 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflərindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 328010-1-38503 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə” bağlanmış, həmin müqaviləyə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli 328010-CNS-28903 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka mövcud olan borcu kapitallaşdırılmış, cavabdeh 1483,04 manat məbləğində borcu illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 328010-1-38503 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə” və ödəniş cədvəli tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuşdur.

7. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

8. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

10. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

11. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, ödəniş qrafiki, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən cavabdehin banka xx.xx.2023-cü il tarixə mövcud olan 1483,04 manat məbləğində borcu kapitallaşdırılmışdır. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

14. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və xx.xx.2023-cü il tarixli 328010-1-38503 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən 1249,46 manat məbləğində əsas borc, 22,47 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə həmçinin hesab edir ki, cərimə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

16. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 328010-1-38503 saylı “kredit borcunun restrukturizasiyasına dair müqavilə”nin 9.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən hazırkı müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0,05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir.

17. Məhkəmə hesab edir ki, krеdit razılaşmasına əsasən 13,15 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

19. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 32,85 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

VI. Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5.3, 284-6.1, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 328010-1-38503 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən 1249,46 manat məbləğində əsas borc, 22,47 manat məbləğində faiz borcu, 13,15 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1285,08 manat borc və ödənilmiş 32,85 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar