Məhkəmə qərarları › İş №e-2(036)-207/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-207/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-207/2024 22.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və əmlakın geri alınması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və əmlakın geri alınması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, İmişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evindən Cavabdeh yaşayış sahəsindən istifadə hüququnu itirərək həmin fərdi yaşayış evindən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, o cümlədən ödənilmiş 100 manat dövlət rüsumu tutularaq cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən İmişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsi üzərində olan ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evi ilə birlikdə **********34-10301 reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə İddiaçı QSC-nin adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən tərəflər İddiaçı QSC-nin mülkiyyətində olan mişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsinin üzərində olan ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evi ilə birlikdə Cavabdeh nisyə satılması barədə razılığa gəlmişlər. Müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh 3000 manat ilkin ödəniş etdikdən sonra, qalan 25.500,0 manatı 36 ay müddətinə 6 aydan bir dəfə 1800 manat olmaqla 5 ödəniş və sonuncu dəfə 16500 manat ödəniş etməklə xx.xx.2025-ci il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə əsasən əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeyddiyyat tarixindən əmələ gəlir. Müqavilənin 16-cı bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə əldə etdiyi İmişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evinə görə 3000,0 manat ilkin ödəniş etmişdir. Müqavilənin 5-ci bəndində və AR Mülki Məcəlləsinin 600.5-ci maddəsində gecikdirilən məbləğə görə dəbbə pulu və faizlər ödənilməsi nəzərdə tutulduğundan və müqavilə müddəti bitmədiyindən İddiaçı QSC daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunaraq əmlakın geri alınmasını tələb etməkdə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar