Məhkəmə qərarları › İş №e-2(036)-2504/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2504/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2504/2025 01.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” barədə kiçik iddiaya dair mülki mübahisə (açar sözlər: kredit borcu) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada 884,49 manat əsas borc, 22,89 manat faiz borcu olmaqla cəmi 907,38 manat borcun iddiaçının xeyrinə tutulması tələbi barədə kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən müştərək qaydada 884,49 manat əsas borc, 22,89 manat faiz borcu olmaqla cəmi 907,38 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin İmişli filialı ilə Cavabdeh2 arasında 31 may 2021-ci il tarixli 55/T saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 1101,48 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh1 ilə 31 may 2021ci il tarixli 55/T saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh kreditor qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin iddiaçıya hazırda olan borcu əsas borc üzrə 884,49 manat, faiz borcu üzrə 22,89 manat olmaqla, cəmi 907,38 manat təşkil edir. Tərəflərindən borcun ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada məlumat verilib, yazılı bildirişlər göndərilsə də, qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Cavabdehlər məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişlər.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 55/T saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 banka vaxtı keçmiş əsas kredit borcunun 1101,48 manat qalıq məbləğinin ödənilməsi məqsədilə cavabdehə 1101,48 manat məbləğində illik 1 faizlə 60 ay müddətinə kredit verilmişdir. Müqavilə və ödəniş cədvəli tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuşdur. Eyni zamanda borclunun öhdəliyinin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixə cavabdehlərin iddiaçıya 884,49 manat əsas borc, 22,89 manat faiz borcu olmaqla cəmi 907,38 manat borcu vardır.

7. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

8. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

10. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

11. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borclarının qaytarılması ilə bağlı öhdəlikləri tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdehlər üzərlərinə düşən öhdəliklərini icra etməmişlər. Belə olan halda isə bu, iddiaçıya kredit, zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi imzalanmış, cavabdehə 1101,48 manat məbləğində kredit verilmiş, həmçinin borclunun öhdəliyinin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə üzrə borclular üzərlərinə düşən öhdəliklərini tam icra etməmiş, nəticədə borcları yaranmışdır.

14. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və xx.xx.2021-ci il tarixli 55/T saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya müqaviləsi” üzrə 884,49 manat əsas borc, 22,89 manat faiz borcu olmaqla cəmi 907,38 manat borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

15. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

16. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

17. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

VI. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5.3, 284-6.1, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 55/T saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya müqaviləsi”nə əsasən 884,49 manat əsas borc, 22,89 manat faiz borcu olmaqla cəmi 907,38 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar