Məhkəmə qərarları › İş №e-2(036)-2577/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2577/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2577/2023 13.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4035.42 manat əsas borc, 2758.27 manat faiz borc, 78.40 manat AR MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 6872.09 manat və 89 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/3818/DİK saylı kredit müqaviləsinin surətinə əsasən müqavilə tərəfləri borcalana illik 25 faizlə 36 ay müddətinə 4200 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan Ödəniş Cədvəlinə əsasən Cavabdeh1 "xxxx" ASC-dən aldığı 4200 manat kredit məbləğini cəmi 1811.72 manat faizlə birlikdə ayda 166.99 manat ödəməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tam şəkildə ödəyib qutarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli 04/3818/DİK nömrəli Zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ilə "xxxx" ASC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/3818/DİK saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşlər. İşdən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 04/3818/DİK saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş qaydada 4035.42 manat əsas borc, 2758.27 manat faiz borc, 78.40 manat gecikdirilmiş faiz borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə belə hesab edir ki, cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə 4035.42 manat əsas borc, 2758.27 manat faiz borcu, 78.40 manat AR MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 89 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4035.42 (dörd min otuz beş manat qırx iki qəpik) manat əsas borc, 2758.27 (iki min yeddi yüz əlli səkkiz manat iyirmi yeddi qəpik) manat faiz borcu, 78.40 (yetmiş səkkiz manat qırx qəpik) manat gecikdirilmiş faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 89 (səksən doqquz) manat tutulub iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar