Məhkəmə qərarları › İş №e-2(036)-2661/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2661/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2661/2025 10.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4677.35 manat əsas, 449,10 manat faiz borcu və 86.37 manat cərimə borcu olmaqla, cəmi 5212.82 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 72.13 manat məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2322.65 manat ödəniş etmiş və оnun iddiaçıya 4677.35 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. O, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 159 gün üçün hesablanmış faiz borcu 449.10 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 159 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 86.37 manat təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Cavabdeh1 48 ay müddətinə, aylıq 1.8333 faiz ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 056G**********01 nömrəli zaminlik müqaviləsi bağlanmış, borclunun öhdəliklərini icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımışdır. İddiaçı QSC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən, xx.xx.2025-ci il tarixə olan 4677.35 manat əsas, 449.10 manat faiz və 86.37 manat cərimə borcu olmaqla, cəmi 5212.82 manat borcunun tam ödənilməsinin təmin edilməsi bildirilmiş, əks halda vəsaitin qaytarılması ilə bağlı müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli OUT-2025/07/23-138 saylı maliyyə arayışına əsasən cavabdehin xx.xx.2025-ci il tarixinə 4677.35 manat əsas, 449.10 manat faiz və 86.37 manat cərimə borcu olmaqla, cəmi 5212.82 manat borcu var. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı bank tərəfindən cavabdehlərə 48 ay müddətinə qaytarmaq şərti ilə, illik 1.8333% dərəcəsi ilə 7000 manat kredit verilmişdir. İddiaçı QSC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borc məbləğinin tutulması hissəsində əsaslıdır. Borc məbləğinin zamindən tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biridir və mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən və hazırda borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyindən, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cərimə borcunun tutulması hissəsində məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, qanunvericilik məhkəməyə dəbbə pulunu azaltmaq hüququ vermişdir. İddiaçının cərimə tələbi əsaslı olsa da, tələb edilən cərimə məbləğinin azaldılması cavabdehin müqavilə üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar. Belə olan halda məhkəmə hesab edir ki, bank tərəfindən tələb edilən cərimə məbləği azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4677.35 manat əsas, 449,10 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 5136,45 manat pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun 70,56 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4677.35 manat əsas, 449,10 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 5136,45 (beş min yüz otuz altı manat qırx beş qəpik) manat pul vəsaiti və ödənilmiş 70,56 (yetmiş manat əlli altı qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar