Məhkəmə qərarları › İş №e-2(036)-2682/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2682/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2682/2025 15.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 800804-451363/2 nömrəli kredit müqaviləsi üzrə 10844,37 manat əsas borc və 571,78 manat faiz borcu olmaqla, cəmi 11416,15 manat məbləğində kredit borcunun və xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 290,59 manat əsas borc və 6,76 manat faiz borcu olmaqla, cəmi 297,35 manat kredit borcunun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 11134,96 manat əsas və 578,54 manat faiz borcu olmaqla cəmi 11713.50 manat borcun və 125.14 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 800804- 451363/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 15.5% ödəmək şərtilə 14000 manat məbləğində və xx.xx.2024-cü il tarixli 800737-PC********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24% ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, banka olan borcunu ödəməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, borcun ödənilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 800804- 451363/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 15.5% ödəmək şərtilə 14000 manat məbləğində və xx.xx.2024-cü il tarixli 800737-PC********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24% ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 001/007/4678/2025 saylı maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə əsas borc üzrə 10844.37 manat, faiz borcu üzrə 571.78 manat, cəmi 11416.15 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli, 001/007/4680/2025 saylı maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə əsas borc üzrə 290.59 manat, faiz borcu üzrə 6.76 manat, cəmi 297.35 manat məbləğində borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli 800804-541363/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh banka olan 10844.37 AZN əsas, 533.08 AZN faiz borcu olmaqla, cəmi 11377.45 AZN borcunu 7 iş günü müddətinə icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli 800797-PC********** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh banka olan 290.59 AZN əsas, 5.19 AZN faiz, cəmi 295.78 AZN borcunu 7 iş günü müddətinə icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.

Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 800804-451363/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 15.5% ödəmək şərtilə 14000 manat məbləğində və xx.xx.2024-cü il tarixli 800737-PC********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24% ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli 800804-451363/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə əsas borc üzrə 10844.37 manat, faiz borcu üzrə 571.78 manat, cəmi 11416.15 manat, xx.xx.2024-cü il tarixli 800737-PC********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə əsas borc üzrə 290.59 manat, faiz borcu üzrə 6.76 manat, cəmi 297.35 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehin hesabına köçürsə də, cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borc məbləğinin tutulması hissəsində əsaslıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, rədd edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, çünki əlavə dəlillərin araşdırılmasına zərurət qalmır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 800804-451363/2 nömrəli kredit müqaviləsi üzrə 10844,37 manat əsas borc və 571,78 manat faiz borcu olmaqla, cəmi 11416,15 manat məbləğində kredit borcu və xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 290,59 manat əsas borc və 6,76 manat faiz borcu olmaqla, cəmi 297,35 manat kredit borcu, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 11134,96 manat əsas və 578,54 manat faiz borcu olmaqla, cəmi 11713.50 manat məbləğində pul vəsaiti tutulmalıdır.

Məhkəmə xərcləri:

Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 125,14 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 800804-451363/2 nömrəli kredit müqaviləsi üzrə 10844,37 manat əsas borc və 571,78 manat faiz borcu olmaqla, cəmi 11416,15 manat məbləğində kredit borcu və xx.xx.2024-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 290,59 manat əsas borc və 6,76 manat faiz borcu olmaqla, cəmi 297,35 manat kredit borcu, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 11134,96 manat əsas və 578,54 manat faiz borcu olmaqla, cəmi 11713.50 (on bir min yeddi yüz on üç manat əlli qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 125,14 (yüz iyirmi beş manat on dörd qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar