Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2707/2025 27.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi: İddiaçının tələbi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4418.57 manat əsas borc, 1167.18 manat faiz borcu, 1111.60 manat cərimə borcu olmaqla, cəmi 6697.35 manat borcun və 86.98 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində cavabdehlərdən kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" KB MMC-yə 4418.57AZN əsas, 1167.18 AZN faiz, 1111.60 AZN cərimə borcu olmaqla, cəmi 6697.35 AZN borcu yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RBMNT-3022 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 35% dərəcəsi ilə 4418.57 manat məbləğində kredit verilmişdir. "xxxx" MMC ilə borcalan Zamin arasında bağlanmış xx.xx.2023-cü il tarixli RBMNT- 3022 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün zamin və borclunun kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. xx.xx.2025-ci il tarixli maliyyə arayışında Cavabdeh xx.xx.2023-cü il tarixli RBMNT-3022 nömrəli kredit müqaviləsi üzrə 4418.57 manat əsas, 1167.18 faiz, 1111.60 manat cərimə borcu olmaqla, cəmi 6697.35 manat borcunun mövcud olduğu göstərilmişdir. İddiaçı tərəfindən Cavabdeh və Zamin son ünvanlanan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə banka olan borcu tam olaraq 7 iş günü müddətinə ödəmək təklif edilmişdir. Bildirişdə 4418.57 manat əsas, 1119.88 manat faiz, 1111.60 manat cərimə olmaqla, cəmi 5593.45 manat borc olduğu qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir. (dərc edilmə tarixi 31 mart 2023-cü il) Tərəflər arasında hüquq münasibətləri xx.xx.2023-cü il tarixdə, yəni Mülki Məcəlləyə edilmiş müvafiq dəyişikliklərdən sonra yarandığından Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizləri ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı bank qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Zaminlik müqaviləsi ilə Zamin kredit müqaviləsi üzrə borcun kreditora ödənilməsi ilə bağlı borclu ilə birgə məsuliyyət daşımışlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın faiz və cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışında cavabdehlərin 1167.18 manat faiz, 1111.60 manat cərimə borcunun olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdə cavabdehlərdən 1119.88 manat faiz, 1111.60 manat cərimə borcunun ödənilməsi tələb edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 1119.88 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2023cü il tarixli RBMNT-3022 saylı kredit müqaviləsi üzrə 55 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin xx.xx.2023-cü il tarixli RBMNT-3022 saylı kredit müqaviləsi üzrə 4418.57 manat əsas borc, 1119.88 manat məbləğində faiz borcu, 55 manat cərimə olmaqla, cəmi 5593.45 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57 manat rüsumun 47 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Bundan başqa, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Mülki iş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmələri ilə bağlı xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasları ilə bağlı sifarişli poçt göndərişləri göndərilmişdir ki, həmin göndərişin dəyəri 10.8 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan 10.8 manatdan ibarət həmin məhkəmə xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin 4418.57 manat əsas borc, 1119.88 manat məbləğində faiz borcu, 55 manat cərimə olmaqla, cəmi 5593.45 (beş min beş yüz doxsan üç manat qırx beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 47 (qırx yeddi) manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. 10.8 (on manat səksən qəpik) manatdan ibarət məhkəmə xərci cavabdehlər Cavabdeh və Zamin tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülsaba Ağayeva.