Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2821/2025 06.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızı, İddiaçı Cavabdeh qarşı qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddia tələbinin əsaslandırıldığı hallar və ona qarşı etirazın dəlilləri a) iddia tələbinin əsaslandırıldığı hallar İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 3500 manat əsas borcun və ödənilmiş 55 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixli, RC425003-001 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, Toyota Land-Cruiser markalı, **-PZ-*** nömrə nişanlı nəqliyyat vasitəsi günlük 100 manat ödəmək şərti ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və ya lazımınca icra edilməmişdir. Belə ki, cavabdeh tərəfindən 3500 manat icarə haqqı ödənilməmiş saxlanılmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış problemin aradan qalxması üçün heç bir səy göstərməmişdir. b) iddia tələbinə qarşı etirazın dəlilləri Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən Toyota Land-Cruiser markalı, **-PZ-*** nömrə nişanlı nəqliyyat vasitəsi günlük 100 manat ödəmək şərti ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdehə icarəyə verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin icarə müqaviləsinə əsasən 3500 manat borcu var. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ona icarə müqaviləsinə əsasən ödənilməmiş 3500 manat borcunun tam ödənilməsinin təmin edilməsi bildirilmiş, əks halda vəsaitin qaytarılması ilə bağlı müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllə: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdən başlayaraq “Toyota Land-Cruiser” minik markalı avtomobili xx.xx.2024-cü il tarixədək icarəyə vermiş və tərəflər arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin cavabdehin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuşdur. Müqavilə əsasında cavabdehin 3500 manat borcu yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Məhkəmə qeyd edir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. İcarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. İcarə müqaviləsinə əsasən bir tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 30 may 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən xüsusi mülkiyyətində olan avtomobili icarəyə verməyi, icarəçi isə xidmət haqqını qabaqcadan ödəməyi, xidmət haqqının 1 gündən artıq gecikdirildiyi təqdirdə icarədarın avtomobili tələb etmək hüququna malik olmasını öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya pulun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş icarə müqaviləsi və maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliklərini icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyləri tam icra etməmiş, nəticədə borcu yaranmışdır. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Mülki iş üzrə iddia ərizəsinin surəti Cavabdeh xx.xx.2025-ci il tarixdə sifarişli poçt göndərişi ilə göndərilmişdir ki, həmin göndərişin dəyəri 1,80 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 55 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalı, cavabdehə iddia ərizəsinin surətinin verilməsi ilə bağlı 1,8 manatdan ibarət məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir Nəticə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə 3500 (üç min beş yüz) manat məbləğində borc və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 1,8 (bir manat səksən qəpik) manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №e-2(036)-2821/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2821/2025
06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver