Məhkəmə qərarları › İş №e-2(036)-3043/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3043/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3043/2025 15.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızı, İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. xx.xx.2023-cü il tarixli 02U/23 saylı Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 12 ay müddətinə, illik 25% olmaqla 500 manat məbləğdə kredit xətti açılmışdır.

2. xx.xx.2024-cü il tarixli ərizə-anketə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixli 02U/23 saylı müqavilə ilə tanış olmuş və şərtləri qəbul edərək razılaşmışdır.

3. "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli BANK/PİKMD/1308225 saylı maliyyə arayışına əsasən, cavabdehin banka 135 manat əsas, 22.26 manat faiz, 24.15 manat cərimə borcu olmaqla, cəmi 181.41 manat məbləğində borcu vardır.

4. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə müəyyən olunur ki, cavabdehin xx.xx.2024-cü il tarixli 4920nkXRDb/24 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 135 manat əsas, 15.96 manat faiz, 14.70 manat cərimə borcu olmaqla, ümumilikdə 165.66 manat yaranmış borcu 3 iş günü müddətində ödəmək təklif edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi

5. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 135 manat əsas, 22.26 manat faiz, 24.15 manat cərimə borcu olmaqla, ümumilikdə 181.41 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, cavabdeh xx.xx.2024-cü il ərizə-anketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 12 ay müddətinə, illik 25% olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 14 dekabr 2010-cu il tarixdə verilmiş 73 saylı lisenziya, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Kommersiya Bankı ASC (bundan sonra – Bank) tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan kredit məhsullarından istifadə etmək niyyətini bildirdikləri və ya istifadə etdikləri halda onların Bankla münasibətlərini tənzimləyir. X2 Bankın “Ucard” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Standart şərtlərə əsasən müştəri, kredit və ondan istifadəyə görə hesablanmış faizləri və digər ödənişləri X2, standart məlumatlandırma forması və kredit xətti müqaviləsində müəyyən olunmuş müddətlərdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 12 sentyabr 2025-ci tarixinə "xxxx" KB ASC-yə 135 manat əsas, 22.26 manat faiz, 24.15 manat cərimə borcu olmaqla, ümumilikdə 181.41 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. b) iddiaya etiraz

7. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir. (dərc edilmə tarixi 31 mart 2023-cü il) Tərəflər arasında hüquq münasibətləri xx.xx.2023-cü il tarixdə, yəni Mülki Məcəlləyə edilmiş müvafiq dəyişikliklərdən əvvəl yarandığından həmin dövrdə olan Mülki Məcəllə tətbiq edilməlidir.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (əvvəlki redaksiya) 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (əvvəlki redaksiya)

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya)

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır

Məhkəmə baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

11. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizləri ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı bank qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

13. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

14. Borcun əsası olan standart şərtlər, ərizə-anket və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən "xxxx" KB ASC kredit alana 12 ay müddətinə, illik 25% olmaqla 500 manat kredit limiti açmışdır.

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

16. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

18. Məhkəmə iddianın faiz və cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışında cavabdehin 22.26 manat faiz, 24.15 manat cərimə borcu olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişdə cavabdehdən 15.96 manat faiz, 14.70 manat cərimə borcunun ödənilməsi tələb edilmişdir.

19. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.

20. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 15.96 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.

21. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

22. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli 4920nkXRDb/24 saylı kredit müqaviləsi üzrə pretenziya məktubunda qeyd edilən 14.70 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.

23. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 135 manat əsas borc, 15.96 manat faiz, 14.70 manat cərimə borcu olmaqla, cəmi 165.66 (bir yüz altmış beş manat altmış altı qəpik) manat məbləğində borc iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri: 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat rüsumunun 27.40 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

26. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

27. Mülki iş üzrə iddia ərizəsinin surəti Cavabdeh xx.xx.2025-ci il tarixdə sifarişli poçt göndərişi ilə göndərilmişdir ki, həmin göndərişin dəyəri 1,8 manat təşkil edir.

28. Məhkəmə hesab edir ki, iddia ərizəsinin surətinin verilməsi ilə bağlı 1,8 manatdan ibarət məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

29. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 135 manat əsas borc, 15.96 manat faiz, 14.70 manat cərimə borcu olmaqla, cəmi 165.66 (bir yüz altmış beş manat altmış altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 27.40 (iyirmi yeddi manat qırx qəpik) manat hissəsi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. 1,8 (bir manat səksən qəpik) manatdan ibarət məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar